İnsanların üzərinə narahatlıq, qayğıdan yeni üz çəkilib. Beyinlərində vurnuxan “nə edək? necə edək? bu işlərin sonu necə olacaq” sualına cavab axtarırlar. Azərbaycan xoşbəxt ölkə siyahısına salınanda yəqin marketlərdəki sürətli qiymət artımının insanların alınlardakı qırışları çoxalrmağından xəbərsiz olublar. Market dolu, cib boş, ailələr pərişan. Dollar üzür, manat süzür, insanlar üzülür. Ərzağın qiyməti iki dəfə artıb, maaş artımından xəbər yox. Hansı xoşbəxtlikdən danışmaq olar?
Xoşbəxtlik məhşur filmdə olduğu kimi, sadəcə qafiyəsi tapılmayan bir söz olaraq qalır. Siqaretin də qiyməti artdı, bu duruma ən çox sevinən yaqin Səhiyyə Nazirliyi olub. Siqaretin səhhətə zərərini qəbul edib uyğulamayanlar cibinə təslim olacaq. Amma indi çörək dərdinə düşənlə siqaretin tüstüsündə boğulma dərdi xəfif gəlir.
Səhiyyə Nazirliyi demişkən, “ölkədə yerli dərman istehsalına başlanılacaq” xəbəri yəqin dərmanların da qiymətinin iki dəfə artmağından irəli gəlib.
İnsanların beynində sorular çox, cavab isə yox… Nə olacaq bundan sonra? Fikirləşməyə qorxuram. Yoxsulların sayı sürətlə artır, özəl sektorlar artıq ixtisarlara başlayıb, bu isə işsizliyin artacağını danılmaz edir. İşsizlik artdıqca, cinayətlər çoxalacaq, sabitlik pozulacaq, intiharlar artacaq. Olan yenə kasıba olacaq. Eybi yox kasıb əti həftədə bir dəfə deyil, ayda bir kərə yeyər. Axı protein onun nəyinə lazım? Kasıbın uşağı yırtılan ayaqqabasını dəfələrlə təmirə verər, yenə geyinər. Kasıb evinə bir çörək, bir duz alsa, yetər. Kasıb övladının gözünün içinə baxmasa da olar. Nə vacibdi yemək yeyəndə önündə turşusu da ola. Şəklinə baxıb təsvir də edə bilər.
Kasıb, axı sənə nə var dolların eniş-çıxışından? Sanki dolların vardı da. Varlının dərdi sənimi gərdi? Təki varlı əmilər, dayılar yaxşı yaşasın. Maşınlarının sayını artırsın, sevgililərini əlbisə kimi dəyişsin. Varlıların övladları yerli məktəbləri bəyənməyib, xaricdə təhsil alsın. Marka ayaqqabını bir dəfə geyinib, ikinci dəfə geyinməyi şəxsiyyətinə sıgışdırmasın. And içəndə çörək yerinə, dollara əl bassın.
Sənəmi düşdü dərmanın qiymətinin iki dəfə artmağı? Kasıb, xəstələnmə. Xəstələnən kasıb ölü kasıbdır. İndi gedib ikiqat bahasına dərman alıb sagalmagın nə mənası? Sağalıb çörək dərdinəmi düşəcəksən? Kasıb, sən ölmə. İndi ölsən, qarnını doyura bilmədiyin balan sənə görə hesab verəcək. Sonra da borc altında üzəcək. Dollar qalxıb, yas çadırlarının, məzar yerlərinin qiyməti də artıb. Ən yaxşısı, sən bu bahalı həyata dirən, sürün, ayaqda gəzən ölü ol. Zəngin daylıar, əmilər günü-gündən böyüyən qarınların tumarlasın. Yıgsın bütün bahalı məhsulları mədəsinə. Dollarları banklara. Özlərini bəyənmiş saçı jeleli oğlanları bahalı maşınları ilə tozu dumana çevirsin. Xoşbəxt olsun. Hə, axı Azərbaycan xoşbəxt ölkədi. Zənginlərin xoşbəxt ola biləcəyi ölkə...
İndi dollar dərdi səmimi düşdü? Get doymayan qarnının dərdin çək. Siqaret çəkmə kasıb qardaşım, o artıq varlı işidir. Səni siqaretlərinin tüstüsündə boğmasınlar, o dumandan uzaq dur... Dollardan da uzaq dur!