Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hər keçən gün üzə çıxan faktlar Ermənistanın onilliklər boyu həyata keçirdiyi sistemli cinayətlərin miqyasını ifşa edir. İndiyədək həmin ərazilərdə 32 kütləvi məzarlıq aşkarlanıb və 877 nəfərə aid insan qalıqları ekshumasiya olunub. Lakin bu rəqəmlər buz dağının yalnız görünən tərəfidir. Ermənistan hələ də yüzlərlə məzarın yerini gizlətməklə həm beynəlxalq hüququ, həm də bəşəri dəyərləri tapdalamağa davam edir.
1949-cu il Cenevrə Konvensiyaları və 1977-ci il I Əlavə Protokol birmənalı şəkildə müharibə tərəflərinin üzərinə itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq, məzarların koordinatlarını təqdim etmək və qalıqları ailələrinə qaytarmaq öhdəliyini qoyur. 30 ildən artıqdır ki, minlərlə azərbaycanlı ailəsi öz yaxınlarının taleyindən xəbərsizdir. Ermənistanın kütləvi məzarlıqlar barədə dəqiq məlumat verməkdən boyun qaçırması ailələrin fundamental “bilmək hüququnu” (right to know) kobud şəkildə pozur. Bu, sadəcə siyasi inadkarlıq deyil, minlərlə insana qarşı tətbiq edilən mənəvi işgəncə və beynəlxalq humanitar hüququn ağır pozuntusudur.

Ermənistanın gizlətdiyi tək fakt məzarlar deyil. İşğal dövründə basdırılmış yüz minlərlə mina bu gün də mülki əhalinin həyatına son qoyur. Aprelin son günlərində daha iki nəfərin minaya düşməsi ilə bağlı mediada yayılan xəbərlər "mina terroru"nun hələ də aktiv olduğunu göstərir.
Statistika dəhşətlidir:
10 noyabr 2020-ci ildən bəri 261 mina insidenti qeydə alınıb.
Bu partlayışlar nəticəsində 423 nəfər zərər çəkib: onlardan 73-ü həlak olub, 350-si ağır yaralanıb.
Zərərçəkənlərin 230 nəfəri mülki şəxsdir (58 ölüm, 172 yaralı).
1991-ci ildən bu günədək isə minadan zərər çəkən azərbaycanlıların sayı 3400 nəfəri keçib.
Azərbaycanlıların kütləvi məzarlarının yerinin gizlədilməsi ilə mina xəritələrinin verilməməsi bir-biri ilə sıx bağlı olan, eyni mənbədən - Ermənistanın dövlət siyasətindən qaynaqlanan humanitar fəlakətdir. Beynəlxalq humanitar hüquq (1980-ci il Konvensiyasının II Protokolu və adət hüququ normaları) tələb edir ki, minalanmış ərazilərin xəritələri dərhal və tam şəkildə qarşı tərəfə təhvil verilsin. Ermənistanın bu öhdəliyi yerinə yetirməməsi hər gün yeni ölüm və əlillik hallarını bilərəkdən "maliyyələşdirmək" deməkdir.

Mina xəritələrinin və məzar koordinatlarının gizlədilməsi nə təsadüf, nə də texniki məsələdir. Bu, Ermənistanın həm keçmiş iqtidarının, həm də indiki Paşinyan hökumətinin birbaşa məsuliyyət daşıdığı sistemli cinayətdir. Bu hərəkətlər beynəlxalq hüquqda müharibə cinayəti və insanlığa qarşı cinayət elementləri kimi tövsif olunmalıdır. Çünki hədəf hərbçilər deyil, on illər boyu bu torpaqlara qayıdacaq mülki əhali, qadınlar və uşaqlardır.
Ermənistan humanitar məsələlərdən siyasi təzyiq vasitəsi kimi istifadə etməyi dayandırmalıdır. İtkin düşmüş şəxslərin taleyi və minalanmış ərazilər məsələsi siyasi alver predmeti ola bilməz. Beynəlxalq ictimaiyyət Ermənistanı beynəlxalq humanitar hüquq normalarına əməl etməyə, kütləvi məzarlıqların koordinatlarını dərhal təqdim etməyə və mina xəritələrini tam şəkildə verməyə məcbur etməlidir. Bu, regionda dayanıqlı sülhün və ədalətin bərqərar olması üçün ən zəruri şərtdir.