Modern.az

İranda iş yerləri bağlanıb, hər şey bahalaşıb - Güneylilər narahatdır

İranda iş yerləri bağlanıb, hər şey bahalaşıb - Güneylilər narahatdır

Analitika

Bu gün, 14:12

2026-cı il aprelin 7-8-dən etibarən ABŞ və İran arasında iki həftəlik müddətə elan edilən atəşkəs davam edir. Aprelin 22-nə qədər nəzərdə tutulan bu atəşkəsin müddəti diplomatik danışıqlar üçün uzadılmışdı. Müvəqqəti atəşkəs mayın əvvəlinə qədər davam etməlidir.

Bu müddət ərzində İrandakı sosial durum, xüsusilə də Güney Azərbaycandakı soydaşlarımızın vəziyyəti, gedən proseslərdən gözləntilərinin nələrdən ibarət olması maraq doğurur.

Əslən Güney Azərbaycandan olan Günaz.TV-nin qurucusu və rəhbəri Əhməd Obalı bildirib ki, İrana dəyən ziyan çox ağır və dərindir:

“Bir sıra poladəritmə və neftayırma zavodları işlərini dayandırıblar. İranın raket və dron təsisatlarına materiallar göndərən fabrik-zavodlar da vurulub. Eyni zamanda İranın hərbi təsisatlarının hamısı vurulub. Bu təsisatlardakı işçilər işsiz qalıbar. Bu ziyanlarla birlikdə, Hörmüz boğazının blokadaya alınması da İrana ziyan vurur. Məhz bu blokada səbəbindən məmləkətə mal gəlmir, ölkə öz malını sata bilmir, digər yandan İranın neft anbarları getdikcə dolur. Neft anbarları dolarsa, qısa müddətdən sonra istehsalı azaltmaq vacib olacaq. Beləliklə, İranın köhnə neft quyularında istehsal dayanarsa, onlar ya uzun müddətli fəaliyyətini dayandıracaq, ya da birdəfəlik batacaq. Onun üçün İran rəsmən öz işçilərinin, o cümlədən BƏSİC-in pulunu verə bilmir. Əlavə olaraq, ölkədə ticarət dayanıb. Buna görə də, fəhlələr iş tapa bilmir. Ən çox ziyan görənlər elə fəhlələrdir. Onlar axşam ailələrinə çörək apara bilmirlər. Dövlət bununla bərabər bahalın qarşısını ala bilmir. Bahalıq hökumətin dediyinə görə 50% artıb. Bir tərəfdən pul gəlmir, digər yandan da hər şey bahalıdır. Hazırda 1 dollar 180 min tümənə bərabərdir”.

Ə.Obalı qeyd edib ki, bəzi dərmanlar və ərzaqlar ya tapılmır, ya da olduqca bahalaşıb:

“Qida məhsullarının iki ayda azalması və tapılmamasına inanmaq olmaz. Deməli, anbar kimin əlindədirsə, malları baha satmaq üçün onun ağzını daraldır.  Böyük mallar da dövlətin xüsusilə də SEPAH-ın nəzarətindədir. Bu məsələdə dövlət özü təqsirkar görülməlidir. Dərmanların tapılmaması və ya bahalaşması birbaşa SEPAH-ın təqsiridir. Çünki dərman zavodları vurulmayıb, xaricdən gələn dərmanlar da yenə SEPAH-ın əlindədir. SEPAH vəziyyətdən iki nöqteyi-nəzərdən qazanır. Belə ki, o məhsulları baha satır, digər yandan vəziyyətə görə ABŞ-ni günahlandıraraq özünə xal qazanır. Müvəqqəti atəşkəsin sosial məsələlərdə heç bir xeyri olmayıb, əksinə durum daha da bərbad hal alıb. Bu baxımdan millət çox narahatdır”.

Ə.Obalı söyləyib ki, azərbaycanlılar və İranda olan digər millətlər nəticəsiz atəşkəsdən çox narahatdırlar:

“Çünki hər hansı nəticə əldə edilmədən durum həm siyasi, həm də ictimai baxımdan pisləşir. Xalqın az da olsa, qazandığı azadlıq əldən gedib. Daha ifrat şəkildə ölkəni idarə edən qüvvələr, o cümlədən SEPAH güclənib. Siyasi baxımdan da gələcəyə hələ də işıq görsənmir. Millət istəyir ki, bu rejim zəifləsin, onun yerinə daha məqabul, xalqın dərdini başa düşən, ona azadlığını verən, sosial durumuna diqqət yetirən dövləti olsun. Hələki bu nəinki olmayıb, əksinə vəziyyət daha da pisləşib. Rejim getmədən millət razı qala bilməz. Rejim yıxılmadan, ABŞ razılığa gəlsə, savaş bitsə, sosial durum biraz da olsa yaxşılaşsa, yenə də millət narazı qalacaq. Çünki bu qədər çətinlik, işsizlikdən sonra bu rejim yenə də hakimiyyətdə qalsa, daha da pis olar. Millətimiz belə düşünür”.

Güneyli siyasi şərhçi Kərim Əsğəri də qeyd edib ki, ABŞ-İsrail və İran arasında müharibə ən çox İran vətəndaşlarını öz təsiri altına alıb:

“Əlbəttə, Cənubi Azərbaycandakı xalqımız da bundan xüsusilə iqtisadi, məişət qayğıları baxımından çox ciddi şəkildə təsirləniblər. Bu savaş başlayandan bəri, İran dövləti ərzaq məsələsində problem yoxdur desə də, bu neçə ay ərzində ərzaq və digər məhsullar, dərman  olsun neçə qat artıb. Burada bir məsələ var ki, ABŞ və İsrail hücumlarını hərbi obyektlərə yönəldib, sivillərin ölümü minimum səviyyədədir”.

K.Əsğəri bildirib ki, Güneydəki azərbaycanlıların ən çox gözlədiyi məsələ savaşın nəticəsidir:

“Cənubi Azərbaycanda İran İslam Respublikasını az da olsa dəstəkləyən qrup var. Amma bunun xaricində əhali İran İslam Respublikasına qarşıdır. Həmin qrup insanlar da müharibənin tezliklə bitməsini, yeni rejimin iqtidara gəlməsini və böhrandan qurtulmağı istəyirlər. İnsanların qorxusu da odur ki, ABŞ və İsrail nüvə məsələsində öz istəklərini əldə etsə də, mövcud rejim iqtidarını davam etdirməsidir. Belə olan halda rejim eyni, bəlkə də daha artıq qəddarlıqla iqtidarını sürdürəcək. Eləcə də, İranda indikindən qat-qat ağır böhran olacaq. Bu da İranda iqtisadi kriz və qıtlığa yol aça biləcək. Bəlkə, Suriyada, İraqda, Əfqanıstanda yaşanan aclığın İranda da yaranmasından xalq narahatdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu