Ötən gün Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycanda səfərdə olub. Ölkə başçısı İlham Əliyevlə təkbətək görüşüb. Görüşün ardından liderlər mətbuata bəyanatlarla çıxış ediblər.
Latviya Prezidenti Avropa İttifaqı(Aİ) ilə Azərbaycan arasında vizasız rejimi tam dəstəklədiklərini bildirib.
Hazırda Azərbaycanla Avropa İttifaqı arasında bu istiqamətdə hansı addımların atıldığı, vizasız rejimə keçidin nə qədər real olduğu maraq doğrurur.
Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyev bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında vizasız gediş-gəliş üçün müvafiq razılaşma əldə olunmalıdır:
“Avropa ittifaqı ilə belə bir razılaşmanın əldə olunması üçün bütün üzv dövlətlərin razılığına ehtiyac var. Hazırda Azəbaycan vətəndaşları Aİ-yə üzv olan bütün ölkələrə diplomatik və xidməti pasportlarla vizasız gedib-gələ bilir. Adi vətəndaş pasportları ilə gediş-gəliş üçün isə Aİ ilə aramızdakı müqavilə yenilənməlidir. Azərbaycanla Aİ arasında hərtərəfli əməkdaşlıq üzrə müqavilə üzərində bir neçə ildir ki, işlər aparılır. Müqavilə üzrə işlər yekunlaşdıqdan sonra Aİ-yə üzv ölkələrin hamısının razılığı olarsa, bütövlükdə Azərbaycanla Aİ arasında vizasız gediş-gəliş üçün razılaşma əldə oluna bilər”.
Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Avropa ölkələrinə vizasız və ya sadələşdirilmiş viza ilə gediş-gəliş üzrə razılığın əldə olunması çox yaxşı hal olardı:
“Latviya Avropa İttifaqının üzvüdür. Yəni təkbaşına hansısa ölkə, o cümlədən Azərbaycanla vizasız gediş-gəlişi təmin etmək iqtidarında deyil. Bunun üçün rəsmi Brüsselin qərarı olmalıdır. Azərbaycan vətəndaşları bu gün Latviyaya getmək üçün Şengen vizası alırlar. Əlbəttə, Aİ ilə vizasız və ya sadələşdirilmiş viza ilə gediş-gəlişlə bağlı razılığın əldə olunması çox yaxşı olardı. Bu istiqamətdə danışıqların genişləndirilməsinə ehtiyac var".
Politoloq əlavə edib ki, Aİ eyni proseduru Gürcüstana qarşı tətbiq edib:
"Gürcüstan vətəndaşları Aİ ölkələrinə vizasız gediş-gəlişi həyata keçirirlər. Düzdür, Avropa İttifaqı ilə Gürcüstan hökuməti arasında müəyyən ziddiyətlər yaranmışdı. Amma Aİ-nin belə bir praktikası artıq mövcuddur. Latviya Azərbaycanla sıx əməkdaşlığın tərəfdarıdır. Əgər Aİ ilə Azərbaycan arasında belə bir sadələşdirilmiş viza məsələsi razılaşdırılarsa, Latviya ilə də gediş-gəlişi də tam sərbəst həyata keçirmək mümkün olacaq".