Bir neçə gün öncə Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycana işgüzar səfər edib. Qəbələ şəhərində Prezident İlham Əliyevlə görüşən Zelenski mətbuata açıqlamasında 6 sənəd imzaladıqlarını qeyd edib.
"Bu gün sahələrə gəldikdə, bir nömrəli sahə təhlükəsizlikdir. Müdafiə sənayesi sahəsində artıma gəldikdə, Ukrayna müharibə şəraitindən irəli gələrək öz müqavimət gücünü göstərdi və biz ekspert biliklərimizi bölüşmək istərdik. Bu gün ekspertlərimiz Azərbaycandadır, onlar azərbaycanlı həmkarlarına dəstək verir. Biz bu tərəfdaşlığı bundan sonra da davam etdirərək birgə istehsala başlayacağıq", - deyə Ukrayna lideri bildirib.
Hansı silahların qarşılıqlı alış-satışının olacağı, birgə istehsal olunacaq silahların siyahısı maraq doğurur.
Modern.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, həm Ukrayna, həm də Azərbaycan üçün anti-dron və digər silahların birgə istehsalı hazırda aktual məsələdir:
“Ukrayna artıq 5 ildir ki, Rusiya ilə müharibə aparır. Bu ölkə həm anti-dron sahəsində, həm də uzaqmənzilli silahların istehsalında müsbət təcrübə əldə edib. Azərbaycanın Vətən Müharibəsində kütləvi dron tətbiqi ilə tanınan ilk ölkədir. Buna görə də, həm anti-dron sahəsində, həm də digər silahların birgə istehsalı hər iki ölkə üçün aktual məsələdir. Hesab edirəm ki, yaxın vaxtlarda bununla bağlı daha geniş açıqlamalar olacaq. Hər bir halda Azərbaycan üçün müdafiə, təhlükəsizlik məsələləri daim aktual olduğundan bu sahədə əməkdaşlıq bizim də maraqlarımıza uyğundur".

Ekspert vurğulayıb ki, Azərbaycanın Vətən Müharibəsindəki nailiyyətləri Ukrayna üçün böyük maraq kəsb edir:
"Azərbaycan Vətən Müharibəsi zamanı müxtəlif təyinatlı PUA-ların kütləvi tətbiqi ilə tanınıb. Biz zərbə və müşahidə dronlarının istehsalını həyata keçirirk. Eyni zamanda, ABŞ-də daxil olmaqla bir sıra ölkələrlə birgə istehsalda maraqlı olduğumuzu göstərmişik. Bizim bu nailiyyətlərimiz Ukrayanın müharibə şəraitində olduğunu nəzərə aldıqda, təbii ki, Kiyev üçün də böyük maraq kəsb edir. Müxtəlif təyinatlı dronları Azərbaycanda istehsal edirik. İndiki vəziyyətdə Ukraynın buna daha böyük ehtiyacı var”.