"Space" Televiziyasına yeni baş direktor təyin edilib. Telekanalın təsisçisinin qərarına əsasən, Ayaz Mustafayev baş direktor vəzifəsinə gətirilib.
Modern.az yeni vəzifəyə təyinat alan Ayaz Mustafayevlə əlaqə saxlayıb və onun "Space" TV barədə təəssüratlarını öyrənib.
Baş direktor saytımıza açıqlamasında telekanala rəhbər vəzifəyə təyinat almanın kifayət qədər məsuliyyətli bir iş olduğunu söyləyib.
"Siz mənimlə razılaşarsınız ki, kanalda yeniliklər və dəyişikliklərlə bağlı suala cavab vermək üçün hələ tezdir. Amma "Space" TV illərin kanalıdır, baxımlı televiziya məkanıdır, tamaşaçı tərəfindən sevilir və izlənilir. Biz də çalışacağıq ki, bu tendensiyanı qoruyaq və daha da inkişaf etdirək. Başqa məqsədimiz yoxdur".
A.Mustafayev eyni zamanda telekanalla bağlı dəyişikliklərin hiss olunacağını da diqqətə çatdırıb:
"Əlbəttə ki, bu dəyişikliklər hiss olunacaq. Həm efirdə, həm də kanalın fəaliyyətində ictimaiyyət bunu görəcək və ümid edirəm ki, bəyənəcək.
Burada böyük bir kanaldan, geniş kollektivdən söhbət gedir. İllərin təcrübəsinə malik bir media qurumudur. Təbii ki, məsuliyyət hissi var. İnşallah, bunun öhdəsindən gələcəyik", - deyə o qeyd edib.