Modern.az

Türkiyə, nə oldu sənə, nə oldu?

Türkiyə, nə oldu sənə, nə oldu?

7 Sentyabr 2009, 15:50

Türkiyənin Ermənistanla sıcaq əlaqələrə can atması və İsveçrədə gizlində bunu sənədlərlə əks etməsi Azərbaycan cəmiyyəti üçün yeni bir “soyuq duş” effekti yaratdı. Zatən, türk siyasi elitasının, cənab Ərdoğanın Bakıda verdiyi bütün ünlü vədlərinə rəğmən Ankara Yerevanla GİZLİNDƏ anlaşa bilib.  Azərbayacana heç nə demədən! Əli Babacan ermənilərlə razılaşma sənədini imzalayıb, sonra bizim xarici işlər naziri Elmar Məmmədyarovla birgə təyyarəyə oturub. Yol boyu ona bir kəlmə belə deməyib. Bəs niyə deməyib? Nədir bu Azərbaycanın başı üstündən aparılan siyasət?  
AKP Türkiyəsinin müstəqil Azərbaycana qarşı belə ziq-zaqlı mövqeyini sadə azərbaycanlı başa düşmür, heç düşmək də istəmir.  İzah ediləsi bir arqument də yox!
Düşündürücü məqam tamam ayrı bir nəsnədir. Əcəba, Avropada özünü sübüt edə bilmiş 70 milyonluq Türkiyəni zəif,  cəmi 2 milyonluq Ermənistanla eyniləşdirən hansı qüvvədir?
Siyasətmi? Xeyr,  türk siyasi həyatında erməni qorxusu və bundan doğa biləcək fəsad təhlükəsi yoxdur. Bəs o zaman nədir qosqoca Türkiyəni balaca Ermənistana tərəf əyən? Burada Şeyx Nəsrullah demişkən, “mətləb bir az tuldur”.  
Məsələ başqadır. AKP höküməti Azərbaycan yükünü artıq daşımaq istəmir.  Onlar üçün Qarabağ  Türkiyənin millətçi-pantürkçü hökümətlərindən qalan bir yükdür. Onu daşımaq istəmirlər, necə olursa, olsun həll etmək istəyirlər. Çünki Qarabağ bu dini siyasi elita üçün  ikinci dərəcəlidir.  
AKP tamam ayrı zaddır. AKP üçün Ermənistan siyasəti və “kürd açılımı” “Kamal Türkiyəsini” sarsıtmaq üçün vacib kozurdur. Azərbaycan qarşısında siyasi öhdılikləri isə “kamalçılar” götürüblər. Nədir bu öhdəliklər? Azərbaycanın müstəqilliyini və süverenliyini dəstəkləmək və qorumaq! 90-ci illərin Azərbaycan-Türkiyə daşlamış prinsipləri bundan ibarətdir. İndi “o babalar” artıq yoxdur.  Türkiyədə 9 ilə yaxındır AKP hakimiyyətdədir. Onların hədəfləri isə başqadır. Bu hədəflərin bir qismi ABŞ Dövlət Departamentinin seyflərindədir, bir qismi isə Pentaqonun divarlarında asılıb.
AKP hökümətinin dünyadakı neft loxotronuna qoşulması üçün bir sıra qurbanlar verməsi labüddür. İndilikdə qurban kimi Qarabağı seçiblər. 
... Mənə iki dəfə Rəcəb Ərdoğanın Azərbaycana rəsmi səfəri zamanı Milli Məclisdə  çıxışını izləmək imkanı olub. 2005-ci ildə Ərdoğan Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsinin aşaqı olmasından şikayət edirdi.  O haqlı idi.  İki ölkə arasında ticarət dövriyyəsinin cəmi 500 milyon dollar həddində olması fakt kimi doğurdanda acı idi. Axı bizə münasibəti yaxşı olmayan Rusiyanın həmin dövrdə ölkəmizlə dövriyyəsi milyarddan çox idi.. Biz necə qardaş olmuşuq, Türkiyəni geri salmışıq?!. Tezliklə bu dövriyyə xeyli artdı. Daha sonra Ərdoğan çıxışında azərbaycan parlamentarilərinə xitabən siyasi etiketə uymayan bir mesaj verdi- Ərdoğan “dünya malı dünyada qalacaq” dedi. Biz jurnalistlər o zaman bu mesajı rüşvətə və korrupsiyaya qarşı özanəməxsus bir etiraz kimi dəyərləndirmişdik.

Deyəsən yanılmışıq. Ərdoğan “dünya malı” deyəndə deyəsən, Qarabağı nəzərdə tutubmuş axı!   

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır