Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 60 016 borcalana 4 milyard 92 milyon manat kredit verib.
Modern.az bu barədə İKZF-ya istinadən xəbər verir.
Məlumata görə, o cümlədən indiyə qədər 2 milyard 966 milyon manat məbləğində 41 013 adi ipoteka krediti, 1 milyard 126 milyon manat məbləğində 19 003 güzəştli ipoteka krediti verilib. Eyni zamanda şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə 56,6 milyon manat məbləğində 1 624 ipoteka kreditinə zəmanət verilib.
Bundan başqa, 10 092 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.