Modern.az

Bakıda şəkərli diabet xəstələrini aldadan apteklər var

Bakıda şəkərli diabet xəstələrini aldadan apteklər var

6 Oktyabr 2009, 16:00

SƏHİYYƏ NAZİRLİYİ DİABETLİ XƏSTƏLƏR ÜÇÜN SAXTA ƏRZAQ MALLARI SATAN ƏCZAXANALARIN TORUNA DÜŞMƏMƏYƏ ÇAĞIRIR Şəhərimizdə fəaliyyət göstərən bəzi apteklərdə dərman preparatları ilə yanaşı, diabetli xəstələr üçün qida məhsulları satılır. Tanımayanlara ünvan da göstərə bilərik:  metronun “Elmlər Akademiyası” ilə üzbəüz ərzidə 48 nömrəli aptek, “Nizami” stansiyasının yaxınlığında yerləşən əcxana və s. Bu apteklərdə şəkərli diabet xəstələri üçün müxtəlif vaflilər, halvalar, şokoladlar, qənd, şəkər tozu, şirnilər satılır. Həm də xeyli baha qiymətə. Modern.az-ın əməkdaşı sözügedən apteklərdə diabetli xəstələr üçün satılan məhsulların baha olmasının səbəbilə maraqlanıb. Onların ticarətini həyata keçirən aptek işçiləri qiymətlərin bahalığını bu malların maya dəyərinə çəkilən xərcin yüksək olması ilə əlaqələndirməyə çalışıblar. Amma problem təkcə “xüsusi” ərzaq mallarının qiymətlərilə bağlı deyil. Heç demə, şəkərli diabet xəstələri üçün nəzərdə tutulan “xüsusi” ərzaqlar saxta imiş. Hətta apteklərin bu malların satışı üçün rəsmi icazəsi belə yoxmuş. Yeri gəlmişkən, tamahını saxlaya bilməyib belə apteklərdən “xüsusi” ərzaqlar alaraq istifadə edən bir çox diabet xəstələri bunun əzabını çəkməli olublar. Sabunçu rayon sakini, şəkərli diabet xəstəsi İdris Məhərrəmov metronun “Nərimanov” stansiyasının yaxınlığında “xüsusi” ərzaq məhsulları satan aptekdən şəkər tozu alıb. Aptekdə bu xəstəyə izah ediblər ki, narahat olmasın, bu şəkər tozu şəkərli diabet xəstələrinin şəkərini qaldırmır. “Əczaçı”ların fırıldağına inanan İdris kişi özünü işə salıb. Belə ki, həkimlər tamahını saxlaya bilməyən bu xəstənin şəkərini aşağı salmaq üçün düz bir həftə əlləşməli olublar. Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin (DVAEM) Dərmanların keyfiyyətinə nəzarət şöbəsinin müdiri Pərviz Əzizbəyovdan münasibət öyrəndik. P.Əzizbəyov Modern.az-a açıqlamasında bildirdi ki, müvafiq qanunvericiliklə apteklərdə satılan məhsulların növləri müəyyən olunub: “Diabet məhsulları bu siyahıya daxil deyil”. Müsahibimiz deyib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 230.2-ci maddəsinə əsasən, apteklərdə yalnız bu məhsulların satılmasına icazə verilir: dərman vasitələri, onların istehsalında istifadə olunan kimyəvi və başqa maddələr, tibb ləvazimatları, ətriyyat-kosmetika, şəxsi sanitariya-gigiyena malları. “Digər malların satılmasına görə minimum əmək haqqı məbləğinin 20 mislindən 45 mislinədək cərimə nəzərdə tutulub”-deyə, Pərviz Əzizbəyov bildirib. Yəni Bakının ayrı-ayrı yerlərində “diabet məhsulları satırıq” deyib xəstələri aldadan apteklər qanunsuz özfəaliyyətlə məşğul imişlər. Bunu Pərviz Əzizbəyov da etiraf edib və bildirib ki, qaldırdığımız məsələ tezliklə araşdırılacaq.

Kəmalə TOFİQQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir