İran Prezidenti Məsud Pezeşkian ABŞ lideri Donald Trampa Hörmüz boğazı ilə bağlı mesaj göndərib.
Modern.az-ın xəbərinə görə, Pezeşkian bildirib ki, Hörmüz boğazı ilə bağlı yaranan problem güc tətbiqi və təzyiq yolu ilə deyil, dialoq vasitəsilə həll edilə bilər.
“Hörmüz boğazına gəlincə, yolu ilk bağlayan biz olmamışıq. Yolu ABŞ bağladı, bölgəni isə İsrail alovlandırdı. Bu məsələ zorakılıq və məcburetmə ilə deyil, dialoqla həll edilə bilər”, – İran Prezidenti vurğulayıb.
Pezeşkian həmçinin İranın imzalanmış razılaşmaya əməl etdiyini, ABŞ-ın isə onun şərtlərini pozduğunu bildirib. İran Prezidenti ABŞ administrasiyasına etimad etmədiklərini də açıq şəkildə ifadə edib.
“Onlarla hansı qaydalar əsasında danışacağımızı bilmirik. Görəsən, verdikləri sözün üstündə duracaqlar? Nə qədər danışıqlar aparsaq da, sabah söylədiklərini və ya imzaladıqları razılaşmanı asanlıqla tanımaya bilərlər”, – Pezeşkian deyib.
İran lideri Yəməndəki vəziyyətə də münasibət bildirib. O, Tehranın Yəməndəki proseslərə müdaxilə etmədiyini və yalnız hadisələrə görə narahatlıq keçirdiyini söyləyib.
“Yəmənin işi bizi maraqlandırmır. Bizim fikrimizcə, Yəmən və Səudiyyə Ərəbistanı bir-biri ilə müharibə etməməlidir.
O, Səudiyyə Ərəbistanının müsəlman dünyasındakı roluna da toxunub. Vurğulayıb ki, Ər-Riyad müsəlman ölkələrini bir araya gətirə və problemləri əməkdaşlıq yolu ilə həll edə bilər.