6 Aprel 2021, 12:50 | Ana Səhifə - Yazılar - Rəmiş haqqinda ilk və son XATİRƏM
Rəmiş haqqinda ilk və son XATİRƏM

Mahir Qabiloğlu

 

Üç-dörd ilin söhbəti olar. Dostum, SSRİ Xalq rəssamı, monumental- heykəltəraş Cəlal Qaryağdının oğlu Cəlil Qaryağdıyla görüşdük. Söhbət əsnasında ona dedim ki, bəs “Həsən Əliyev küçəsində şəkililərin bir kafesi var. Piti küpəsinin içində yarpaq dolması verirlər. Mənim kimi təamlara həssas adam çox bəyəndim bu Şəki mətbəxinin yeməyini”...


Bu kafenin başqa xüsusiyyətlərini də özümə məxsus şəkildə təsvirdən sonra Cəlilin də ağzının suyu axmağa başladı. Çünki zövqümə və mənim aşpazlıq qabiliyyətimə yaxşı bələd idi.


Xülasə, getdik ora. İçəri girdik. Şirin Şəki ləhcəsində qarşılanmadan sonra ortaya məhz o bölgədə yetişdirilmiş və səhər tezdən Bakıya çatdırılmış “xolodnı”lar düzüldü. “Xolodnı”lar isə soyuducudan ürkək baxışlarla bizə boylanan “ceyran südü”nü süfrəyə dəvət etdi. Baxmayaraq ki, orucluq idi. Küpədə yarpaq dolması ortaya gəlməmiş bir badəylə bir-birimizə “xoş gəldin” deyib, görüşümüzün daha yüksək ranqda başlanğıcına start verdik. Küpələr süfrəyə gəldi. Cəlilə imkan vermədim. Özüm qapağını açdım. Əvvəlcə, dolmaların üstünə qoyulmuş balaca quyruğu götürüb nimçəsinə qoydum.


- Cəlil, bunu ona görə qoyurlar ki, dolmanın yağı suyuna çıxıb dadını itirməsin. Əksinə, quyruğun yağı, tamı da dolmaya əlavə dad versin.


Sonra üç-dörd dənə dolmanı Cəlilin nimçəsinə qoydum. Dedim ki, hamısını boşaltma, yoxsa tez soyuyar. “Reklamnı” girişim bununla da başa çatdı. Arxasını yemək özü diktə etməyə başladı. Cəlilin təsəvvürü artıq reallıqla üst-üstə düşürdü. Sonrasını day demirəm. Sağlıqlar bir-birini əvəz elədi. Yavaş-yavaş süfrə də səliqəsini itirdi. Əvvəlcə dolu olan boşqablar adınalayiq vəziyyətə gəlib çıxdılar. Dayım Vaqifin yazdığı təmsilə rəğmən, boşqabların hirslənməyə yeri qalmadı.

 

Hirslənib özündən çıxmışdı boşqab,

Dolu olanda da adını çağırırdılar boş qab. 


Beləcə sona gəlib çıxdıq. Hesabı gözləyirdik ki... Qapı açıldı. İçəri Rəmiş və həyat yoldaşı girdi. Qapının yanında oturan bizlərə “Nuş olsun” deyib irəli addımladılar. Rəmiş boş stolun arxasında oturdu. Süfrəçiyə dedi ki, çay gətir (yeni leksikonumuzda bu yeni söz ofisiant sözünü əvəzləyir.) Həyat yoldaşı isə inzibatçıyla sifarişi müzakirə etməyə başladı. Amma onların iki nəfər, sifarişin isə çoxadamlıq olduğunu eşidəndə təəccübləndim. Sonra məlum oldu ki, Rəmiş bu kafedə iftar süfrəsi sifariş verməyə gəlib. Rəmiş isə hərdən bizə baxırdı. Baxışlarından tuta bilmirdim ki, nə demək istəyir. Bizi – orucluqda yeyib-içdiyimizə görəmi bu cür süzür? Yoxsa..? Tez stoldakı araq şüşəsini yerə qoydum. Amma orucluqda yemək belə qadağandır. Həm də ki, Rəmiş özü də çay içirdi. Amma iftar süfrəsi açmaq özü də savab sayılır.

Hesab gəlib çıxdı. Çekin üstündəki rəqəm yediklərimizi burnumuzdan gətirdikdən sonra ayağa qalxdıq. Bu dəm Cəlil dedi ki, gəl Rəmişlə görüşək. Tərəddüd etdim. Daha doğrusu ehtiyat etdim. Rəmişin “Ay Zaur” verilişində evinə qonaq gətiriləni kameraların önündə kandardan buraxmaması, kobud şəkildə desək – qovması (sonradan bildim ki, demə həmin qonaq “arzuedilməz”lərdən imiş) göz önümdə canlandı. Burda isə nə kamera vardı, nə də bizdən başqa yeyib-içən birisi. Rəmiş isə iftar məclisi sifariş etməyə gəlmişdi. Birdən dindar damarı tutsa və bizi Rəmişanə tənbeh etsə? Buna görə ehtiyatlanırdım ki, bir də gördüm Cəlil artıq sənətkarla əl verib görüşür, xanımıyla salamlaşır. Mən də yaxınlaşdım. Görüşdüm. Denən ki, görüşdünüz çıxın gedin də... Yox, mümkün deyil. Gərək özümü təqdim də edəm.


- Sənətkar, mən Mahirəm. Şair Qabilin oğlu. Yəqin tanıyırsınız.


Bu təqdimatdan sonra deyilən sözləri artıq əzbərləmişdim. “Qabilin oğlusan? İmamverdiyev Qabilin? (Yaşlı nəsil Qabili familiyasıyla tanıyırdı) Nə gözəl? Allah atana rəhmət eləsin. Yaxşı kişiydi. Sən də yazırsan..?” Amma...


- Tanımadım.



Yox. Elə düşünməyin ki, bu cavabdan sonra pərt oldum. Əsla. Əksinə, qorxmağa başladım. Yəqin ki, Rəmişin atamla nəsə bir xoşagəlməz əhvalatı var, – deyə düşündüm. İndi onu açıqlasa... Söhbətə həyat yoldaşı qarışdı.


- Rəmiş, necə yəni tanımadın? Sən Qabili tanımırsan? Bu, Xalq Şairi Qabilin oğludur.


Bu dəfə gözləyirdim ki, Rəmiş deyəcək: “Hə? Gülü, şair Qabili deyirsən? Mən də elə bildim ki, başqa Qabili deyir. Necə yəni tanımıram. O qədər məclislərdə olmuşuq ki... Ulu öndər də çox istəyirdi xətrini”.


- Yox, tanımadım, – deyə Rəmiş dərsini bilməyən uşaq kimi Güllü xanıma baxıb gözlərini döydü.


Həyat yoldaşının növbəti cəhdi də öz müsbət nəticəsini vermədi. Rəmiş nə qədər elədisə, şair Qabili ya tanımadı ya da ki, xatırlamadı. Yenə dilimi dinc qoymadım.


- Bu da dostumdur. Cəlil Qaryağdı. Məşhur heykəltəraşımız Cəlal Qaryağdının oğlu.


Bu təqdimatdan da mən hər hansı bir reaksiya gözləmirdim. Özündən 18 yaş böyük olan, bütün günü ekranlardan, “Yutub”dan düşməyən Qabili tanımayan Rəmişin 1914-cü ildə anadan olan, özündən 30 yaş böyük, efirdən, jurnalistlərdən uzaq qaçan Cəlal Qaryağdı haqqında nəsə deməsini sadəcə gözləmirdim. Uzağı  bir-iki “dejurnı” söz gözləyirdim: “Cəlal Qaryağdının oğlusan? Allah rəhmət eləsin”.  Baxmayaraq ki, bu sözləri heç Qabil haqqında da demədi. Amma...


- Cəlalın oğlusan? – deyə Rəmiş Cəlili qucaqladı, – Nə gözəl? 10-11 АVA, “Sanka Zver”, Çəmbərəkənd, 10-11.., – Rəmiş birdən susdu.

Həyat yoldaşı Güllüyə tərəf baxdı. Nəsə demək, danışmaq istəyirdi. Ürəyi xatirəylə doluydu. Amma deyəsən yeri deyildi. Çaydan bir qurtum içdi. Ah çəkdi, – Allah rəhmət eləsin, – deyib daha heç nə danışmadı.


Biz də heç nə danışmadıq. Telefonumu Güllü xanıma verib, şəklimizi çəkməyi xahiş etdim. Amma dediklərini anlamamışdım. “Sanka Zver” kimdir, bu maşın nömrələri nə deməkdir?

Sağollaşıb kafedən çıxdıq. Cəlil gülürdü.

- Nə gülürsən? Mənə də de, biryerdə gülək.

    
Cəlilin dediyinə görə “Sanka Zver” Cəlal Qaryağdının uşaqlıq yoldaşı olub. Yəqin ki, Rəmiş də sonralar bu kişi adamlarla yoldaşlıq edib. İkisinin də o vaxtlar təzə çıxmış boz rəngdə (“mışinniy svet” deyirdilər) VAZ 21-01 “Jiquli” maşını olub. İkisinin də dövlət nömrə nişanı 10-11... Və bütün bunlar Rəmişin yadında qalıb.

      
Sonra Vikipediya-dan oxudum ki, əsl adı Cabir Əli (Pəncəli) oğlu Qasımov olan “Sanka Zver” Sovet dövrünün avtoritetlərindən olub. 16 yaşı olanda erməni zabitini öldürdüyünə görə Sibirə sürgün edilib. “Sanka” ləqəbli, özündən fiziki cəhətdən güclü olan erməni avtoriteti öldürdüyünə görə onu “Sanka Zver” çağırmağa başlayıblar.

      

SON

 

Bu qədər. Rəmişlə ilk və son görüşüm barədə bu qədər. Əlbəttə ki, bu, son görüş olmamalıydı. Bu, son xatirə də olmamalıydı. Yenidən görüşməliydim Rəmişlə. Ürəyində yatan xatirələri uçurtmaq üçün o qəfəsi açmalıydım. Mənə danışmasa da, “Atonla günlərimiz olub e...” xitabıyla Cəlilə danışacaqdı Cəlal Qaryağdı, “Sanka Zver”lə bağlı xatirələrini. Ruhu onların və eyni gündə vəfat etdiyi şair Qabilin ruhuna qovuşana qədər danışacaqdı. İndi isə artıq gecdir.

Allah hamısına rəhmət eləsin!

MÜƏLLİFİN DİGƏR YAZILARI
İlham Əliyev: “Döyüş əməliyyatlarının aparılması planı, çoxdan işlənib hazırlanırdı” - MÜSAHİBƏ 24 Sentyabr 2021, 12:34 Almaniyanın yeni kansleri kim olacaq? 24 Sentyabr 2021, 12:27 Texnoloji ixtisaslar üzrə tələbə qəbulu 75 faiz artırılıb - Nazir müavini 24 Sentyabr 2021, 12:16 Prezident şəxsi xüsusiyyətlərindən danışdı: “Prinsipcə, sakit insanam” 24 Sentyabr 2021, 12:10 ADU-da Ülvi Bünyadzadənin anım mərasimi keçirildi - FOTOLAR 24 Sentyabr 2021, 12:05 İlham Əliyev İraqın neft nazirini qəbul edib 24 Sentyabr 2021, 12:00 “Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə davam edərsə...” – Prezident 24 Sentyabr 2021, 11:56 Prezident XTQ-nin fəaliyyətini yüksək qiymətləndirdi 24 Sentyabr 2021, 11:52 Yuxarı Qarabağ kanalında bir nəfər batıb 24 Sentyabr 2021, 11:48 Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisindən FOTOLAR 24 Sentyabr 2021, 11:44 Bu tarixədək Azərbaycan internetlə tam təmin olunacaq 24 Sentyabr 2021, 11:38 MRT və KT müayinələri üçün əks göstərişlər AÇIQLANDI 24 Sentyabr 2021, 11:35 Sentyabrda temperatur normadan yüksək olub 24 Sentyabr 2021, 11:34 Nazir azad edilmiş ərazilərdə kənd təsərrüfatının potensialından DANIŞDI 24 Sentyabr 2021, 11:30 Ağsaqqallar Şurasından Tahir Süleymanova ad günü təbriki 24 Sentyabr 2021, 11:30 Borcunu qaytarmaq istəməyən soydaşımızdan qandonduran QƏTL 24 Sentyabr 2021, 11:26 Milli Məclisdə narkomaniya ilə bağlı dinləmə keçiriləcək 24 Sentyabr 2021, 11:25 İxtisaslı işçilərin sayı çox azdır - Nazir 24 Sentyabr 2021, 11:22 Səyyad Əlizadənin son DURUMU 24 Sentyabr 2021, 11:19 Eldar Həsənov yenidən məhkəmə qarşısında 24 Sentyabr 2021, 11:16 Eks-deputatın oğlu küçənin ortasında güllələndi 24 Sentyabr 2021, 11:11 Ekspertdən fərqli baxış: Pandemiya cinayətləri azaldır - DİN reaksiya verdi 24 Sentyabr 2021, 11:10 NATO-nun yeni hədəfi Çindir 24 Sentyabr 2021, 11:05 Yaşayış yerini tərk etmiş koronavirus xəstəsi olan tibb işçisi saxlanıldı 24 Sentyabr 2021, 11:00 Şəhidlərin məzarı ziyarət olunub 24 Sentyabr 2021, 10:56 Ağdamın Ətyeməzli kəndi - VİDEO 24 Sentyabr 2021, 10:55 Avqustda pensiya alanların SAYI 24 Sentyabr 2021, 10:50 Azərbaycanda bu institutun adı dəyişdirildi 24 Sentyabr 2021, 10:46 Ceyhun Bayramov xarici işlər nazirlərinin illik toplantısında çıxış etdi  24 Sentyabr 2021, 10:40 “Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” 24 Sentyabr 2021, 10:35 Ermənistan məğlubiyyətin günahkarlarını axtarır - Arayik və Cəlal Arutunyanlar həbs oluna bilər 24 Sentyabr 2021, 10:32 Karantin qaydalarını pozan toy təşkilatçısı cərimələndi 24 Sentyabr 2021, 10:30 Azərbaycan neftinin qiyməti 78 dolları ötdü 24 Sentyabr 2021, 10:26 Təhsil müəssisələrində Anım Günü qeyd olunacaq 24 Sentyabr 2021, 10:22 Salyanda narkotik alverçiləri ələ keçdi 24 Sentyabr 2021, 10:16
SORĞU Hansı vaksinə etibar edirsiniz?