Modern.az

"Gənclərin diaspor fəaliyyətinə marağı ciddi şəkildə artır" – Gənc Avropa səfiri

"Gənclərin diaspor fəaliyyətinə marağı ciddi şəkildə artır" – Gənc Avropa səfiri

Diaspor

Bu gün, 21:18

"Son illərdə Azərbaycan diasporunun fəaliyyətində gənclərin rolu və iştirakı əhəmiyyətli dərəcədə artıb. Bu, təsadüfi proses deyil. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi siyasətdə gənclərə xüsusi diqqət ayrılması və onların diaspor fəaliyyətinə cəlb olunması artıq mühüm istiqamətlərdən birinə çevrilib. Düşünürəm ki, keçirilən Diaspor Gənclərinin Yay Düşərgələri bunun ən bariz nümunələrindən biridir".

Bu fikirləri Modern.az-a açıqlamasında İtaliyada yaşayan, diaspor fəaliyyəti ilə fəal məşğul olan və 2026–2027-ci illər üzrə Gənc Avropa səfiri seçilən Toğrul Əliyev bildirib.

Gənc səfir Diaspor Gənclərinin VII Yay Düşərgəsi ilə bağlı təəssüratlarını bölüşərkən düşərgənin xaricdə yaşayan azərbaycanlı gənclərin bir araya gəlməsi, milli-mənəvi dəyərlərlə daha yaxından tanış olması və Azərbaycanla bağlarının möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

"Bu il keçirilən VII Diaspor Gənclərinin Yay Düşərgəsi isə mənim üçün xüsusilə əhəmiyyətlidir. Çünki bu düşərgədə Azərbaycan Diaspor Gəncləri – ADG olaraq bizim də daha geniş şəkildə təmsil olunmağımız və dünyanın müxtəlif ölkələrindən gələn gənclərlə birbaşa ünsiyyət qurmağımız çox böyük əhəmiyyət daşıyır. ADG bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri bir platforma ətrafında birləşdirən, onların təşəbbüslərini dəstəkləyən və müxtəlif ölkələr arasında əməkdaşlıq imkanları yaradan mühüm bir gənclər platformasına çevrilib. ADG-nin İtaliya üzrə koordinatoru və İdarə Heyətinin üzvü olaraq bu prosesin bir parçası olmaq mənim üçün həm böyük qürur, həm də ciddi məsuliyyətdir", - Toğrul Əliyev deyib.

O qeyd edib ki, bu düşərgədə ADG nümayəndələrinin iştirakı yalnız təşkilatımızın fəaliyyətinin təqdim olunması baxımından deyil, eyni zamanda müxtəlif ölkələrdə fəaliyyət göstərən gənclərin bir-birindən öyrənməsi, təcrübə mübadiləsi aparması və gələcəkdə birgə layihələr üçün yeni əlaqələr yaratması baxımından çox vacibdir.

T.Əliyev gənclərin Azərbaycanın dünyada təbliğində mühüm rol oynadığını söyləyib: “Ümumiyyətlə, Diaspor Gənclərinin Yay Düşərgələrinin artıq ənənəvi və çox uğurlu bir layihəyə çevrildiyini düşünürəm. Bu ilki düşərgə də daxil olmaqla, artıq 7 yay düşərgəsi keçirilib və bu düşərgələrdə dünyanın 84 ölkəsindən 700-dən çox gənc iştirak edib. Bu rəqəm özü göstərir ki, layihənin miqyası və təsiri kifayət qədər böyükdür. Ən əsası isə burada söhbət sadəcə iştirakçı sayından getmir. Bu gənclərin hər biri öz ölkəsində Azərbaycanın, Azərbaycan gəncliyinin və diaspor fəaliyyətinin bir növ nümayəndəsinə çevrilir".

 

Gənc səfir son illərdə xaricdə yaşayan azərbaycanlı gənclərin diaspor fəaliyyətinə marağının və bu istiqamətdə fəallığının ciddi şəkildə artdığını bildirib:

"Burada Yay Düşərgələrinin rolunu xüsusilə qeyd etmək lazımdır. Çünki bəzən gəncin diaspor fəaliyyətinə qoşulması üçün ona sadəcə düzgün platforma, düzgün insanlar və özünü ifadə edə biləcəyi mühit lazımdır. Yay düşərgələri məhz bunu təmin edir. Gənclər burada müxtəlif ölkələrdən olan həmyaşıdları ilə tanış olur, Azərbaycanın müxtəlif bölgələrini yaxından görür, tariximiz, mədəniyyətimiz və dövlət siyasətimizin prioritetləri haqqında daha geniş məlumat əldə edir və ən əsası, özlərinin bu prosesdə hansı rolu oynaya biləcəklərini daha aydın görürlər”.

Gənc Avropa səfiri builki düşərgənin Şərqi Zəngəzurda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib: “Bu ilki düşərgənin xüsusi əhəmiyyətini artıran digər məqam isə onun Şərqi Zəngəzurda keçirilməsidir. “Dirçələn şəhərlər” mövzusu çərçivəsində gənclərin bu əraziləri görməsi və Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı quruculuq prosesini yerində müşahidə etməsi, düşünürəm ki, onlar üçün böyük təcrübədir. Xaricdə yaşayan bir gəncin bu reallıqları öz gözü ilə görməsi və daha sonra yaşadığı ölkədə Azərbaycan haqqında danışması tamamilə fərqli təsir yaradır.

Düşərgələrin yerli və beynəlxalq media tərəfindən geniş işıqlandırılması da xüsusi əhəmiyyət daşıyır. Bu proqramlar bir tərəfdən gənclərin şəxsi və peşəkar inkişafına, onların dünyagörüşünün genişlənməsinə xidmət edir, digər tərəfdən isə xaricdə yaşayan azərbaycanlı gənclərin Azərbaycan dövlətinin diqqətində olan mühüm və strateji istiqamətlərdən biri olduğunu göstərir”.

T.Əliyevin sözlərinə görə, diaspor fəaliyyətinə yeni nəslin qoşulması bu sahəyə yeni ideya və yanaşmalar gətirir: “Məncə, burada ən vacib məqamlardan biri budur ki, diaspor fəaliyyəti artıq yalnız ənənəvi yanaşmalarla məhdudlaşmır. Bu fəaliyyətə yeni nəsil, yeni ideyalar və yeni yanaşmalar daxil olur. Gənclər isə bu prosesin gələcəyidir. Ona görə də onların diaspor fəaliyyətinə cəlb olunması, inkişaf etdirilməsi və bir-biri ilə əlaqələndirilməsi uzunmüddətli perspektivdə Azərbaycan diasporunun daha da güclənməsinə xidmət edəcək”.

Gənc Avropa səfiri hesab edir ki, VII Yay Düşərgəsinin əsas nəticələrindən biri müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclər arasında yaranan əlaqələr və gələcək əməkdaşlıq imkanlarıdır.

“VII Yay Düşərgəsini də məhz bu baxımdan çox yüksək qiymətləndirirəm. Məncə, burada qazanılan ən böyük nəticə yalnız bir həftə ərzində keçirilən tədbirlər deyil. Əsas nəticə müxtəlif ölkələrdən gələn yüzlərlə gəncin bir-biri ilə qurduğu əlaqələr, yaranan dostluqlar, formalaşan yeni ideyalar və gələcək əməkdaşlıqlar üçün yaranan imkanlardır.

İnanıram ki, bu düşərgədə yaranan əlaqələr və əldə olunan təcrübələr hər bir iştirakçının öz ölkəsinə qayıtdıqdan sonra həyata keçirəcəyi layihələrdə özünü göstərəcək. Beləliklə, bir həftəlik düşərgənin təsiri əslində bir həftə ilə məhdudlaşmır – onun nəticələri müxtəlif ölkələrdə həyata keçiriləcək təşəbbüslərlə davam edir.

ADG olaraq bizim əsas məqsədlərimizdən biri də məhz budur: dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri bir araya gətirmək, onların potensialını dəstəkləmək və Azərbaycanla bağlı təşəbbüslərin daha geniş coğrafiyada reallaşmasına töhfə vermək. Bu baxımdan VII Yay Düşərgəsi həm ADG, həm də bütövlükdə Azərbaycan diaspor gəncliyi üçün çox dəyərli və yaddaqalan bir platforma oldu”, – deyə Toğrul Əliyev yekunlaşdırıb.


Nicat Rüstəmzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada