Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyenin xarici siyasət təşəbbüslərini tənqid edib və onu səlahiyyətlərini aşmaqda ittiham edib.
Modern.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri yazıb.
Mişel nümunə olaraq Tunislə miqrasiya sazişini göstərib. Onun sözlərinə görə, AK rəhbəri tərəfindən imzalanıb, lakin Aİ Şurası “kənara qaldı”. Avropa Komissiyasının sözçüsü Arianna Podesta Mişelin bəyanatını “qismən yalan” adlandırıb.
Avropa İttifaqı Şurası rəhbərinin fon der Leyenin səlahiyyətlərindən sui-istifadə etməsinə misal kimi göstərdiyi AK və Tunis arasında miqrasiya sazişi bu ilin iyulunda bağlanıb. Mişelin sözlərinə görə, Avropa Komissiyasının sədri onu Niderland və İtaliyanın baş nazirləri Mark Rutte və Corciya Meloni ilə birlikdə imzalayıb, ancaq Aİ Şurası kənarda qalıb.
Avropa Komissiyasının sözçüsü qeyd edib ki, AK iyunun əvvəlindən Tunislə saziş üzrə danışıqlar aparır və mühüm məqamlar və danışıqların gedişi barədə üzv ölkələrin səfirlərini dəfələrlə məlumatlandırıb. “Komissiya 2023-cü ilin iyul ayındakı yekunları da daxil olmaqla, Avropa Şurasının tam siyasi dəstəyinə malikdir və qeyri-qanuni miqrasiya ilə mübarizədə praktiki və effektiv irəliləyiş əldə edir”, - Podesta vurğulayıb.