Avrasiya İqtisadi İttifaqı ölkələrinin baş nazirləri oktyabrın 26-da Bişkekdə (Qırğızıstan) görüşəcəklər.
Modern.az xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının rəsmi nümayəndəsi İya Malkina brifinqdə bildirib.
“Oktyabrın 26-da Bişkekdə Avrasiya Hökumətlərarası Şurasının iclası keçiriləcək”, - deyə İya Malkina bildirib.
Onun sözlərinə görə, Aİİ ölkələrinin hökumət başçıları 2030-cu və 2045-ci ilə qədər birlik çərçivəsində inteqrasiya proseslərinin gələcək inkişafı üçün əsas vəzifələri və əsas istiqamətləri müzakirə edəcəklər. Sənaye sahələrində birgə əməkdaşlıq layihələrinin seçilməsi və onların həyata keçirilməsində Aİİ ölkələrinə maliyyə yardımının göstərilməsi haqqında müddəanın müzakirəsi planlaşdırılır. Avrasiya İqtisadi İttifaqının inteqrasiya olunmuş informasiya sisteminin hazırkı vəziyyəti və inkişaf perspektivləri məsələsinə də baxılacaq.
Baş nazirlər Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən ixrac edilən malların mənşəyinin müəyyən edilməsi üçün uyğunlaşdırılmış sistem haqqında sazişi müzakirə edəcəklər. Bundan əlavə, Aİİ-nin qaz, neft və neft məhsulları üçün ümumi bazarların formalaşmasının gedişi haqqında hesabatlar təqdim ediləcək.
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqına Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan daxildir.