Modern.az

Separatçılar Rusiya və Belarus İttifaq Dövlətinə qoşulmaq istəyir

Separatçılar Rusiya və Belarus İttifaq Dövlətinə qoşulmaq istəyir

Dünya

31 Oktyabr 2023, 15:46

Beynəlxalq səviyyədə Gürcüstanın bir hissəsi kimi tanınan ərazilərdə yaradılmış separatçı Abxaziya parlamentində qondarma ölkənin Rusiya və Belarus arasındakı İttifaq Dövlətinə qoşulması ideyası müzakirə olunacaq.

 

Modern.az "Exo Kavkaza"ya istinadən xəbər verir ki, noyabrın 1-də separatçıların parlamentinin beynəlxalq, parlamentlərarası əlaqələr və həmvətənlərlə əlaqələr komitəsinin genişləndirilmiş iclası keçiriləcək.

 

İclasın gündəliyindəki yeganə məsələ “Abxaziya Respublikasının postsovet məkanında inteqrasiya birliklərində iştirakı, yəni Abxaziyanın İttifaq Dövlətinə qoşulmağa hazır olması məsələsinin müzakirəsi”dir. Digər təfərrüatlar açıqlanmayıb.

 

Separatçıların lideri Aslan Bjaniya hələ 2021-ci ildə Abxaziyanın “suverenliyinin bir hissəsini paylaşmalı” olduğunu demişdi. 2022-ci ilin avqustunda o, Abxaziyanın Ukraynadakı müharibədən sonra yarana biləcək Rusiya, Belarus və digər ölkələrin İttifaq Dövlətinə qoşulmağa hazır olduğunu bildirib. Separatçıların xarici işlər naziri İnal Ardzinba da “inteqrasiya proseslərini” dəstəklədiyini bəyan edib.

 

Xatırladaq ki, Rusiya və Belarus arasında İttifaq Dövləti layihəsinə 1999-cu ildən start verilib və proses davam etməkdədir.

 

Abxaziyanın müstəqilliyini 2008-ci ilin avqust müharibəsindən sonra Rusiya, eləcə də Suriya kimi bir sıra Moskvayönümlü ölkələr tanıyıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək