Fransa prezidenti Emmanuel Makron Özbəkistanın Avropa İttifaqı ilə genişləndirilmiş tərəfdaşlıq sazişinin imzalanması və Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulması istiqamətində səylərini dəstəkləməyə hazır olduğunu bildirib.
Modern.az xəbər verir ki, Makron bu barədə Səmərqənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşdə bildirib.
Özbəkistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Makron və Mirziyoyev danışıqlar zamanı Avropa İttifaqı ölkələri tərəfindən inkişaf etdirilən yaşıl enerji, xammalın hasilatı və emalı sahələrində yeni layihələrin təşviqi üzrə tədbirləri də müzakirə ediblər. Kənd təsərrüfatı, su təchizatı, logistika və turizm gündəlikdə olub.
“Siyasi dialoqun davam etdirilməsinin, təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinin, yaranan çağırış və təhdidlərə effektiv mübarizənin vacibliyi vurğulanıb”, - mətbuat xidməti əlavə edib.
Emmanuel Makron ilk dəfə Özbəkistana səfər edib. Bir gün əvvəl, noyabrın 2-də Fransa prezidenti Qazaxıstana gəlib və orada ölkə prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar aparıb. Səfər nəticəsində tərəflər altı saziş, o cümlədən strateji mineral xammal, o cümlədən uran üzrə əməkdaşlıq haqqında bəyannamə imzalayıblar.