Ukrayna ordusu ciddi irəliləyişə nail ola bilmədi və münaqişə dalana dirəndi. Buna Rusiya tərəfinin sahələri minalaması və Qərb texnikasını məhv etmək imkanları mane oldu.
Vəziyyət yalnız kəskin texnoloji sıçrayışla dəyişəcək.
Modern.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı “The Economist”ə bildirib.
Onun sözlərinə görə, beş ay ərzində əks-hücum zamanı hərbçilər yalnız 17 kilometr irəli gedə biliblər ki, bu da böyük insan itkiləri bahasına başa gəlib.
Zalujnı Ukraynadakı münaqişəni Birinci Dünya Müharibəsi ilə müqayisə edib. Onun sözlərinə görə, hər iki ordu texnoloji inkişafın elə bir mərhələsinə çatıb ki, dalana dirənib.
Zalujnı deyib ki, NATO proqramlarına və Ukrayna komandanlığının öz hesablamalarına görə, ordu sutkada 30 kilometr sürətlə irəliləyə bilərdi, lakin bu, baş vermədi. Onun sözlərinə görə, komandirləri istefaya göndərməklə, əsgərləri rotasiya etməklə problemin həllinə çalışılsa da, bu da kömək etməyib.
Ali baş komandan pilotsuz təyyarələrdə, elektron müharibədə, artilleriya əleyhinə imkanlarda və minalardan təmizləmə avadanlıqlarında, o cümlədən robotlarda yeniliklərə çağırıb.
“Müvəffəqiyyət əldə etmək üçün mövcud texnologiyaları birləşdirmək lazımdır”, - o, deyib.