Dünən, noyabrın 10-da Qəzza zolağında yerləşən "Əl Şəfa" xəstəxanası raket hücumuna məruz qalıb. Zərbələr nəticəsində ölən və yaralananların olduğu bildirilir. Xəstəxanaya bundan əvvəl də hücumlar olub.
Fələstin rəsmiləri və HƏMAS hücuma görə İsraili günahlandırır. Son həftələr İsrail xəstəxananın altında HƏMAS-a məxsus komandanlıq mərkəzləri və tunellərin olduğunu bildirib və xəbərdarlıq edib. Lakin bir sıra Qərb KİV-ləri İsrial ordusunun rəsmilərinə istinadən yazıb ki, xəstəxana Qəzza zolağından atılan raketlə vurulub.
HƏMAS, yerli səhiyyə orqanları və "Əl Şəfa" xəstəxanasının direktorları silahlı qruplaşmanın kompleksin içərisində və ya altındakı hərbi infrastrukturu gizlətdiyini inkar edib və beynəlxalq yoxlama aparılmasının tərəfarı olduqlarını bildiriblər.
360 kvadrat kilometrlik kompleks Qəzza zolağında yerləşən ən böyük xəstəxanadır. Qəzza şəhərinin kiçik balıqçılıq limanından bir neçə yüz metr məsafədə yerləşən xəstəxana geniş binalar və həyətyanı kompleksdən ibarətdir.
Xəstəxana 1946-cı ildə Britaniya mandatlığı dövründə, İngiltərənin Fələstindən çıxmasından iki il əvvəl tikilib. Daha sonra 20 il Misir hakimiyyətinin nəzarətində olub.
1967-ci ildə İsrail Qəzza zolağını ələ keçirdi. Xəstəxanada döyüşlər zamanı yaralanan bir çox fələstinli müalicə alıb.
1971-ci ildə Londonun “Tayms” qəzeti yazırdı ki, tibb bacıları otağında çarpayının altında gizlənən fələstinli yaraqlı ilə xəstəxanada axtarış aparan İsrail ordusunun patrulu arasında atışma olub.
İsrail mətbuatının məlumatına görə, 1980-ci illərdə xəstəxana kompleksi israilli memarlar tərəfindən təmir edilib və yenidən dizayn edilib.
"Amerikanın dəstəyi ilə İsrail xəstəxana kompleksinin yenidən qurulması və genişləndirilməsi layihəsinə başladı. Bu öhdəliyə həmçinin yeraltı beton döşəmənin quraşdırılması da daxildir. Təəssüf ki, bu yeraltı ərazi son illərdə HƏMAS tərəfindən mənimsənilib”, - İsrail Memarlıq Arxivinin təsisçisi Zvi Elhyani noyabrın 9-da "Ynet"də yazıb.
Modern Təhlil və Araşdırma Qrupu