“Azərbaycan kəlağayısı tarixən xanımlarımızın həyatında mühüm rol oynayıb. Bu milli baş örtüyü qadınlarımızın ən qiymətli və dəyərli geyim atributlarından biri olub. Keçmişdə hər bir Azərbaycan xanımının sandığında ən azı iki rəngdə kəlağayı olardı”.
Bunu Modern.az-a açıqlamasında “Əbədi Turan” Kitab Fondunun rəhbəri, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Esmira Fuad deyib.
O bildirib ki, kəlağayı Azərbaycan qadınının yalnız geyim elementi deyil, həm də onun həyat tərzinin, mənəvi dünyasının, sevinc və kədərinin ifadəsi olub.
“Anamın da iki-üç rəngdə kəlağayısı vardı. Gündəlik istifadə etdiyi, üzərində noxud naxışları olan soğanı rəngli kəlağayı, toy və şənliklərdə örtdüyü ağ kəlağayı, yas mərasimlərində isə istifadə etdiyi qara kəlağayı vardı.
Kəlağayının rənglərinin özünəməxsus simvolikası var. Bu rənglər xalqımızın tarixini, milli dəyərlərini, adət-ənənələrini özündə yaşadır. Kəlağayı vasitəsilə ötürülən mənəvi mesajların bu gün də qorunub saxlanmasının şahidiyik”.
Esmira Fuad son illərdə kəlağayıdan istifadənin genişlənməsini sevindirici hal kimi qiymətləndirib.
“Çox gözəldir ki, kəlağayılarımız artıq sandıqlardan çıxaraq gündəlik həyatımıza qayıdır. Bu gün gənclərimiz kəlağayıdan təkcə baş örtüyü kimi deyil, çantalarının qulpunda, boyunlarında, hətta pencəklərinin yaxasında aksesuar kimi istifadə edirlər.
Eyni zamanda, kəlağayının baş örtüyü kimi istifadəsi də getdikcə genişlənir. Bu, milli dəyərlərimizin yaşadılması baxımından çox əhəmiyyətlidir”.
Filologiya elmləri doktoru vurğulayıb ki, müxtəlif tarixi dövrlərdə milli ənənələrə qarşı təzyiqlər göstərilsə də, Azərbaycan xalqı kəlağayı sənətini qorumağı bacarıb.
“Sovet dövründə milliliyimizə, Novruz bayramımıza müəyyən qadağalar qoyulmuşdu. Kəlağayılarımızı da sıradan çıxarmağa cəhdlər olmuşdu. Ancaq xalqımız bu milli geyim nümunəsini yaşatmağı bacardı.
Analarımız, nənələrimiz kəlağayını qoruyub saxladılar. Çünki kəlağayı Azərbaycan qadınının həya, abır, gözəllik, incəlik, zəriflik və sədaqət rəmzidir. Bu dəyərlər nəsildən-nəslə ötürülərək günümüzə qədər gəlib çatıb”.
Esmira Fuad Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın kəlağayı sənətinin beynəlxalq səviyyədə tanıdılmasındakı rolunu da xüsusi vurğulayıb.
“Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycan kəlağayısının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi bu sənətin nüfuzunu daha da artırdı.
Bu gün Basqalda və Şəkidə ustalarımız kəlağayı istehsalını davam etdirirlər. Onlar ənənəvi naxışlarla yanaşı, yeni ornamentlər də yaradırlar. Müasir dövrün tələblərinə uyğun kəlağayılar hazırlanır.
Ancaq yüz illər boyu Azərbaycan xanımları ilə yol gəlmiş qədim kəlağayılarımızın özünəməxsus gözəlliyi var. Onlar daha incə, daha zərifdir.
Ümumiyyətlə, kəlağayının hazırlanması asan proses deyil. Onun ərsəyə gəlməsi barama qurdunun tut yarpaqları ilə qidalanaraq hördüyü baramadan başlayır. Həmin baramadan əldə olunan yüksək keyfiyyətli ipəkdən kəlağayı hazırlanır”.
Esmira Fuad Azərbaycan kəlağayısının dünyada daha geniş tanıdılmasını və milli geyim mədəniyyətimizdə əvvəlki yerini tutmasını arzuladığını bildirib.
“Milli geyimlərimiz Azərbaycan xanımının simasıdır. İstərdim ki, kəlağayımız dünyada daha geniş tanınsın, milli geyimlərimiz yenidən xanımlarımızın gündəlik bəzəyinə çevrilsin.
Kəlağayının rolu yalnız toy xonçalarının üstünə salınmaqla, toy mağarasının girişini bəzəməklə, yaxud darvazadan asılmaqla bitmir.
Bizim xalqımız tarix boyu sevincini də, kədərini də kəlağayı ilə ifadə edib. Kəlağayı xalqımızın mənəvi dünyasının, zəngin mədəniyyətinin ayrılmaz hissəsidir.
Əgər bir xalqın böyük mədəni sərvəti varsa, o xalq hər zaman yaşayacaq”, – deyə Esmira Fuad vurğulayıb.