Estoniyanın baş naziri Kaaya Kallas NATO-da yüksək vəzifə tutmaqda maraqlıdır.
Modern.az xəbər verir ki, POLITICO nəşri Kallasdan NATO-nun baş katibi Yens Stoltenberqin gedişindən sonra bu vəzifəyə namizəd olmaq istəyib-istəmədiyini soruşub. Xanım baş nazir “bəli” cavab verib.
Kaaya Kallasın reaksiyası Avropada, xüsusən Estoniya kimi Baltik və Şərqi Avropa ölkələrinin liderləri arasında ABŞ-ın Ukraynaya dəstəyinin azalması ilə bağlı artan narahatlıq fonunda baş verir.
Kallas əmin idi ki, Ukrayna və Rusiyanın döyüş meydanında dalana dirənməsi ilə bağlı Atlantik okeanının hər iki tərəfində qorxular artdıqca, son nəticədə Ukrayna qalib gələcək. Kallas rus hərbçilərinə işarə edərək, “Mən onları tam başa düşürəm və inanıram ki, onları məğlub etmək olar” deyib. Onun fikrincə Ukrayna bu müharibədə qalib gələ bilər.
Kaaya Kallas münaqişənin dalana dirənməsi fikrini rədd edərək, döyüş meydanındakı şəraiti bu prizmadan təsvir etməyin Rusiyanın maraqlarına uyğun olduğunu deyib: "Bu yanaşma onların xeyrinə işləyir".
Vaşinqtona səfər edən xanım baş nazir “kapitoli”də Bayden administrasiyasının rəsmiləri və deputatlarla görüşüb. Kallas bölgədə davamlı sülhün əldə edilməsi üçün Amerikanın dəstəyinə ehtiyac olduğunu vurğulayıb. “Biz davamlı sülhə malik bir dünyaya sahib olmaq istəyirik. Və təbii ki, bilirsiniz ki, Amerikanın buna dəstəyi əsasdır”.