Ürək transplantasiyası müasir tibbin ən mürəkkəb və həyat qurtaran əməliyyatlarından biridir. Lakin bu müdaxilələr hər zaman uğurlu nəticələnmir. Azərbaycanda meyit donordan ilk dəfə ürək transplantasiyası edilən Rəşad Məmmədəliyev əməliyyatdan bir il sonra vəfat edib.
Modern.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov gəncin ölümünün mümkün səbəbləri və ürək transplantasiyasının xüsusiyyətləri barədə açıqlama verib.
O bildirib ki, ürək transplantasiyası və onun təşkili müasir təbabətin ən mürəkkəb müdaxilələrindəndir. Bu əməliyyatlar əsasən ürək çatışmazlığının son mərhələsində olan, digər müalicə imkanları tükənmiş xəstələrə tətbiq edilir.
R.Mahmudov xatırladıb ki, 1967-ci ildə dünyada ilk insan ürəyi transplantasiyasını həyata keçirən Kristian Barnardın xəstəsi cəmi 18 gün yaşayıb. Bununla belə, həmin əməliyyat dünya tibb tarixində yeni dövrün başlanğıcı olub və bu gün minlərlə insanın həyatını xilas edən transplantologiyanın inkişafına təkan verib.
Deputat ürək transplantasiyasından bir il sonra xəstənin vəziyyətinin qəfil ağırlaşmasının müxtəlif səbəblərlə bağlı ola biləcəyini qeyd edib.
“Bunların başında orqanizmin köçürülmüş ürəyi rədd etməsi, yəni rejeksiya prosesi, immunosupressiv dərmanların istifadəsi fonunda yaranan ağır infeksiyalar, ürək ritm pozğunluqları və digər ciddi ağırlaşmalar dayanır. Rejeksiya riski yalnız ilk aylarda deyil, transplantasiyadan sonrakı illərdə də mövcuddur və bəzi hallarda qəfil, həyati təhlükəli vəziyyətlərə səbəb ola bilər.
Lakin konkret xəstənin ölüm səbəbini yalnız onun klinik vəziyyəti, otopsiya nəticələri, müayinələri və tibbi sənədləri əsasında müəyyənləşdirmək mümkündür. Bu məlumatlar olmadan ölümün birbaşa transplantasiya ilə əlaqəli olduğunu söyləmək tibbi baxımdan doğru deyil”, – deyə o bildirib.
R.Mahmudov Azərbaycanda meyit donordan ilk ürək transplantasiyasının həyata keçirilməsini ölkənin səhiyyə tarixində mühüm hadisə kimi qiymətləndirib.
“Bu, yalnız bir cərrahi əməliyyat deyil, bütövlükdə Azərbaycan transplantologiyasının inkişafında yeni mərhələnin başlanğıcıdır. Əlbəttə, hər bir insan itkisi ağır və arzuolunmazdır. Ancaq bir xəstənin vəfatını bütövlükdə transplantasiya proqramının uğursuzluğu kimi qiymətləndirmək də doğru olmaz. Tibbin tarixi göstərir ki, bu gün böyük uğurlarla nəticələnən bir çox müalicə metodlarının inkişafı məhz ilk çətin və riskli addımlardan başlayıb.
İnanıram ki, doktor Kamran Musayev kimi Azərbaycanın dəyərli həkimləri və tibb mütəxəssisləri bu sahədə fəaliyyətlərini eyni əzmkarlıqla davam etdirəcək, hər bir klinik nəticədən elmi dərslər çıxararaq gələcəkdə daha çox insanın həyatının xilas edilməsinə nail olacaqlar. Çünki tibbin inkişafında əsas məqsəd yalnız yeni əməliyyatları həyata keçirmək deyil, əldə edilən təcrübəni daha uzun və keyfiyyətli insan ömrünə çevirməkdir”, – deyə deputat vurğulayıb.
Rəşad Mahmudov mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.