Ukraynanın müdafiə nazirinin müşaviri pilotsuz uçuş aparatlarının hücumu zamanı xəsarət alıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə müşavirin özü radiotexnologiyalar üzrə mütəxəssis, “Fleş” çağırış adı ilə tanınan Sergey Beskrestnov sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, evinə Rusiya istehsalı olan dörd “Şahed” tipli pilotsuz uçuş aparatı buraxılıb:
“İdarə olunan reaktiv "Şahed"lərdən biri evimə çataraq divara çırpıldı. Artıq evim yoxdur. Mən xəsarət aldım, amma əsas odur ki, möcüzə nəticəsində sağ qaldım”, - deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Nikolay Kalaşnik regiona gecə saatlarında həyata keçirilən hücum nəticəsində bir nəfərin xəsarət aldığını açıqlamışdı. Bildirilmişdi ki, 1974-cü il təvəllüdlü həmin şəxsin vəziyyəti həkimlər tərəfindən stabil qiymətləndirilir. “Fleş”in də 1974-cü ildə anadan olduğu qeyd olunur.