Modern.az

"Titanik" qəzasından sağ çıxan sərnişinin üzüyü hərracda satıldı

"Titanik" qəzasından sağ çıxan sərnişinin üzüyü hərracda satıldı

Dünya

Bu gün, 09:21

“Titanik” gəmisinin qəzadan sağ çıxmış ən məşhur sərnişinlərindən birinə məxsus brilyant üzük hərracda 150 min funt sterlinqə satılıb.

Modern.az xəbər verir ki, modelyer Ledi Lüsi Daff-Qordon layner 1912-ci il aprelin 15-də ilk səfəri zamanı qəzaya uğrayarkən iri təkqaşlı brilyant üzüyünü barmağında daşıyırdı. Faciə nəticəsində təxminən 1500 nəfər həyatını itirmişdi.

Bu üzük onun gəmi qəzasında itirilməyən yeganə əhəmiyyətli zinət əşyası olub. Ailə üzvləri onu “Titanik üzüyü” adlandırırdılar. Ehtimal olunur ki, üzük modelyerə nişan hədiyyəsi olub.

Üzük şənbə günü Uiltşir qraflığının Devayzes şəhərində yerləşən Henry Aldridge & Son hərrac evində satışa çıxarılıb. O, ailənin birbaşa varisi tərəfindən hərraca təqdim edilib. İlkin qiymətinin 80 min funt sterlinqədək olacağı gözlənilsə də, üzük bu məbləği xeyli üstələyən qiymətə satılıb.

Henry Aldridge & Son hərrac evinin nümayəndəsi Endryu Oldric bildirib: “Titanik faciəsindən sağ çıxmış sərnişinə məxsus zinət əşyasının hərraca çıxarılması olduqca nadir hadisədir. Lakin belə yüksək nüfuza malik sərnişinə aid şəxsi əşyanın birbaşa nəsil davamçısı tərəfindən satışa təqdim edilməsi demək olar ki, presedenti olmayan hadisədir”.

Üzük Ledi Daff-Qordonun nəvəsi, Britaniyanın Lordlar Palatasının partiyasız üzvü və alim, Halsberi qrafı titulunun üçüncü daşıyıcısı olan Cona verilmişdi. Onun ölümündən sonra üzük ailədə qalıb və bu günədək xüsusi dəyər verilərək qorunub saxlanılıb.

Ledi Daff-Qordon 1912-ci ildə həyat yoldaşı ser Kosmo ilə birlikdə “Titanik” gəmisində birinci sinif sərnişin kimi ABŞ-yə səfər edirdi. Daff-Qordonlar və onların katibəsi Laura Meybl Frankatelli gəminin batması zamanı 1 nömrəli xilasedici qayıqla xilas olublar. Qayığın 40 nəfər üçün nəzərdə tutulmasına baxmayaraq, o, cəmi 12 nəfərlə suya endirilib. Onlardan yeddisi ekipaj üzvü olub.

“Titanik”dən sağ çıxanları xilas edən Cunard şirkətinə məxsus “Carpathia” gəmisində olarkən ser Kosmo 1 nömrəli xilasedici qayıqdakı hər bir kişiyə 5 funt sterlinq məbləğində çek verib.

Bu pul “Titanik” batdıqdan sonra “White Star Line” şirkətinin ekipaj üzvlərinə əməkhaqqı ödəməyi dayandırması səbəbindən onlara maddi dəstək məqsədi daşıyırdı.

Bu hadisə Daff-Qordonların xilasedici qayıq dolacağından qorxaraq ekipaj üzvlərinə rüşvət verdikləri və buna görə də suda qalan insanları xilas etmək üçün geri qayıtmamağı tapşırdıqları barədə söz-söhbətlərə səbəb olmuşdu.

“Titanik”lə bağlı digər nadir əşyalar da hərracda satışa çıxarılıb.

Belə ki, “Titanik”in Sauthemptondan yola düşdüyü gün gəmini görmək üçün verilmiş unikal birgünlük bilet 40 min funt sterlinqə satılıb. Bilet ikinci sinif sərnişinlərdən birinin anasına laynerin yola düşməsini izləmək imkanı verirdi. Kartda “White Star” şirkətinin bayraq nişanı əks olunub və o, gəminin məsul zabitinin adına ünvanlanıb.

Həmçinin layner Sauthemptonda dayanarkən “Titanik”in baş radiooperatoru tərəfindən yazılmış açıqca da hərraca çıxarılıb və 32 min funt sterlinqə satılıb.

25 yaşlı Cek Fillips 1912-ci il aprelin 6-da üzərində “Titanik”in fotosu olan bu açıqcanı bacısı Elsi Fillipsə göndərib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə