Çexiyada meşədə gəzən iki turist tapdıqları böyük xəzinəni dövlətə təhvil veriblər.
Modern.az xəbər verir ki, xəzinə təpənin yaxınlığında aşkarlanıb. Alüminium qabın içərisində 598 qızıl sikkə, yaxınlıqda yerləşən dəmir qutuda isə 16 siqaret qabı, 10 bilərzik, açarlı zəncir və digər qiymətli əşyalar olub.
Turistlər tapıntıları Qradeç-Kralove şəhərindəki Şərqi Bohemiya Muzeyinə təhvil veriblər. Ekspertiza sikkələrin həqiqətən qızıldan hazırlandığını təsdiqləyib. Onlar 1808–1915-ci illərə aiddir və Fransa, Belçika, Rusiya, İtaliya, Macarıstan da daxil olmaqla müxtəlif ölkələrdə zərb edilib.
Xəzinənin kimə məxsus olduğu hələlik məlum deyil. Mütəxəssislər qiymətli əşyaların İkinci Dünya müharibəsi zamanı gizlədildiyini ehtimal edirlər. Alimlər araşdırmaları davam etdirir və mümkün sahibinin kimliyini müəyyənləşdirməyə çalışırlar.
Tapıntıları könüllü şəkildə təhvil verdiklərinə görə turistlər böyük mükafat alacaqlar. Kralovehradeç diyarının hakimiyyət orqanları iki turistə ümumilikdə 11,7 milyon Çexiya kronu (təxminən 901 min manat) ödəniləcəyini açıqlayıb.

