Modern.az

Qərb xarici düşmən obrazı yaradır – Rus ekspertdən ittiham

Qərb xarici düşmən obrazı yaradır – Rus ekspertdən ittiham

Dünya

Bu gün, 18:01

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə açıqlamasında bildirib ki, Avropa İttifaqı liderləri Rusiya ilə mümkün danışıqların aparılması məsələsini müzakirə etməyə hazırlaşır.

"Avropanın təhlükəsizliyi və Rusiyanın qonşu ölkələrə mümkün hücumlarının qarşısının alınması məsələləri əsas müzakirə mövzularından biri olacaq", - deyə Kallas vurğulayıb.

Avropa İttifaqı rəsmisi həmçinin, Almaniyanın keçmiş kansleri Herhard Şröder Rusiya ilə danışıqlarda Avropa İttifaqının nümayəndəsi təyin olunması ehtimalını istisna edib.

Qeyd edək ki, belə bir təklif daha əvvəl Rusiya Prezidenti Vladimir Putin tərəfindən səsləndirilmişdi.

Məsələni Modern.az-a  şərh edən politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova bildirib ki, bu danışıqlar böyük ehtimalla Avropa liderləri arasında kimin Moskva ilə danışıq aparacağı və Moskva ilə mümkün təmaslara münasibətin necə olacağı barədədir:

“Yəni əsas məsələ Avropa liderlərindən hansının Moskva ilə birbaşa danışacağıdır. Moskva isə həmişə bildirib ki, Avropa liderləri ilə danışıqlara hazırdır. Lakin son dörd ildə Avropa liderlərindən heç biri Moskva ilə birbaşa təmas qurmaq istədiyini açıq şəkildə ifadə etməyib. Bu isə göstərir ki, əslində Avropa liderləri eskalasiyanın dayandırılmasında maraqlı deyillər.

Digər tərəfdən, Rusiya yalnız neytral vasitəçi ilə danışmağa hazır olduğunu bildirir. Avropa isə belə neytral vasitəçi hesab olunmur. Çünki Avropa artıq bu müharibənin tərəflərindən biridir və Moskvada belə bir fikir formalaşıb ki, Rusiya əslində Ukrayna ilə deyil, Qərb və Avropa ilə mübarizə aparır. Ukraynalılar isə bu qarşıdurmada vasitəçi rolunda istifadə olunur. Buna görə də Avropa vasitəçi ola bilməz, çünki o, maraqlı tərəfdir və müharibənin iştirakçısı sayılır.

Bundan əlavə, bu danışıqlar təhlükəsizlik və sülhün formalaşdırılmasına deyil, əksinə, eskalasiya və qarşıdurmanın gücləndirilməsinə xidmət edə bilər. Hamıya məlumdur ki, Baltikyanı ölkələrin - Litva, Latviya və Polşanın əraziləri hazırda Ukraynaya dronların həmin məkanlardan keçərək Rusiya ərazilərinə zərbələr endirməsi üçün imkan yaradır. Həmçinin, Baltik dənizində Rusiyanın tanker və hərbi donanmasına qarşı əməliyyatların həyata keçirilməsi ilə bağlı müəyyən razılaşmaların olduğu iddia edilir. Bu isə sülhə deyil, əksinə, gərginliyin artmasına və Avropa ilə daha böyük müharibə riskinə gətirib çıxara bilər. Əgər Avropanın Ukraynaya yardımı və bölgədə gərginliyin artırılmasındakı rolu müzakirə olunmasa, vəziyyət daha ağır nəticələrə və daha genişmiqyaslı müharibəyə səbəb ola bilər. Rusiya isə belə bir ssenarini istəmədiyini bildirir”.

Politoloq vurğulayıb ki, eyni zamanda Avropa liderləri Moskvanı günahkar göstərməyə və münaqişəni məhz Rusiyanın istədiyi görüntüsünü yaratmağa çalışacaqlar:

“Halbuki Avropa üçün hazırkı vəziyyətdə müharibə müəyyən mənada siyasi baxımdan sərfəli görünür. Çünki Fransa və Almaniya daxil olmaqla bir sıra Avropa ölkələrində hakimiyyət böhranı müşahidə olunur, dövlət rəhbərlərinin reytinqləri isə tarixdə görünməmiş dərəcədə aşağıdır. Daxili problemləri və aşağı ictimai dəstəyi ört-basdır etmək üçün xarici düşmən obrazına ehtiyac yaranır və bu rol üçün ən uyğun hədəf kimi Rusiya göstərilir. Bu yolla ictimai rəyə təsir edilir və vətəndaşlara “əsas təhlükə xaricdən gəlir” mesajı verilir. Beləliklə, guya müharibənin qarşısını almağa çalışdıqları deyilsə də, əslində gərginliyin artmasına şərait yaratdıqları iddia olunur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV