Modern.az

Ermənistan parlamentinə yeni sədr gəlir - Paşinyan onu dəstəklədi

Ermənistan parlamentinə yeni sədr gəlir - Paşinyan onu dəstəklədi

Dünya

Bu gün, 10:22

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” Partiyası Ruben Rubinyanın parlamentin sədri vəzifəsinə namizədliyini irəli sürüb.

Modern.az xəbər verir ki, Baş nazir və partiya lideri Nikol Paşinyan bunu “Vətəndaş müqaviləsi”nin İdarə Heyətinin iclasından sonra jurnalistlərə açıqlayıb.

Ruben Rubinyan hazırda Ermənistan parlementinin sədr müavini vəzifəsində çalışır. O, həmçinin Ermənistanın Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndəsidir.

R.Rubinyan özü iclasdan sonra jurnalistlərə bildirib ki, partiyadaxili səsvermə gizli olub və bu səbəbdən kimin hansı namizədi dəstəklədiyini müəyyən etmək mümkün deyildi.

Qeyd edək ki, “Vətəndaş müqaviləsi” Partiyasında parlament sədr vəzifəsinə üç namizəd nəzərdən keçirilirdi: parlamentin hazırkı sədri Alen Simonyan, vitse-spiker Ruben Rubinyan və “Vətəndaş müqaviləsi” fraksiyasının lideri Hayk Koncoryan.

Rubinyan namizədliyinin səbəbləri ilə bağlı suala cavab olaraq bildirib: "Düşünürəm ki, həmkarlarım qərara gəliblər ki, bu mərhələdə mənim sədr vəzifəsini tutmağım daha məqsədəuyğun olardı".

O, həmçinin qeyd edib ki, hələlik Ermənistan-Türkiyə danışıqlar prosesində iştirak edib-etməyəcəyini bilmir.

Bu arada Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç X sosial şəbəkəsində Ermənistan parlamentinin vitse-spikeri və Türkiyə ilə normallaşma prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyanı parlamengtin yeni sədri olmağa namizəd seçilməsi münasibətilə təbrik edib.

“Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesindəki həmkarım Ruben Rubinyanı Ermənistan parlamentinin sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edirəm. Dörd il ərzində onunla məhsuldar əməkdaşlıq mədəniyyəti və səmimi dostluq münasibətləri qurmuşuq. Yeni vəzifəsində ona uğurlar arzulayıram”, – Kılıç paylaşımında yazıb.

Qeyd edək ki, Serdar Kılıç və Ruben Rubinyan son illərdə Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarda əsas nümayəndələr kimi çıxış edirlər.

Ermənistanda parlament seçkiləri 7 iyun tarixində keçirilib. Hakim “Vətəndaş müqaviləsi” Partiyası seçkilərdə qalib gələrək təkbaşına hökumət qurmaq şansı qazanıb.

Parlamentdə mandatlar aşağıdakı kimi bölüşdürüləcək:

“Vətəndaş müqaviləsi” Partiyası - 64 mandat;
“Güclü Ermənistan” bloku - 29 mandat;
“Hayastan” bloku - 12 mandat.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!