Ukraynanın Böyük Britaniyadakı səfiri və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib.
Modern.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Ukrainska Pravda” yazıb.
Nəşrin məlumatına görə, Zalujnı niyyətini prezident Volodimir Zelenskiyə də açıqlayıb.
Zalujnının bugünlərdə Kiyevə çağırılmasına formal səbəb Böyük Britaniyanın baş naziri Keir Starmerin istefası göstərilsə, onunla görüş əslində seçkilərlə bağlı məsələyə aydınlıq gətirmək üçün keçirilib. Zelenski bildirib ki, onların seçkilərdə qarşıdurmasının yarada biləcəyi risklərdən yayınmaq lazımdır.
“Əgər seçkilər payızda keçirilsə, namizəd olacaqsınızmı?” – deyə Zelenskinin Zalujnıdan soruşduğu bildirilir.
“Bəli. Olacağam”, – Zalujnı prezidentə cavab verib.
Məlumata görə, görüşdə Zelenski Zalujnıya başqa karyera variantları təklif etməyib.
“Ukrainska Pravda”nın məlumatına görə, Zalujnı Zelenskiyə siyasətçi olmaq istəmədiyini, lakin “bir çox insanın ümidlərini ona bağladığını” və onların etimadını nəzərə almaya bilməyəcəyini bildirib.
Keçmiş baş komandanın Zelenski ilə görüşündən qısa müddət sonra onun yanına Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və hakim “Xalq xidmətçisi” partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiya göndərilib. Onlar mümkün ictimai parçalanma, ölkə üçün risklər və “qarşıdurmalı seçki kampaniyasının təhlükələri” barədə danışıblar. Lakin Zalujnının mövqeyi dəyişməyib.
Fevral ayında “Financial Times” yazmışdı ki, Ukrayna Rusiya ilə sülh sazişi üzrə referendumla birlikdə keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə hazırlıq görməyə başlayıb. Qəzet qeyd edirdi ki, bu planlar ABŞ prezidenti Donald Trumpın ölkədə seçkilərin keçirilməsinə çağırışından sonra ortaya çıxıb.
Martın əvvəlində Zelenski bəyan etmişdi ki, ölkədə seçkilər atəşkəs dövründə deyil, yalnız Rusiya ilə münaqişə başa çatdıqdan sonra keçiriləcək.
“Mən heç də əmin deyiləm ki, namizəd olacağam. Ukraynalıların nə istədiyinə baxacağam”, – deyə o əlavə etmişdi.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva hazırda Zelenskini Ukraynada “de-fakto rejim rəhbəri” kimi qəbul edir və bu statusda onunla görüşməyə hazırdır. Bununla belə, Rusiya prezidenti Vladimir Putin vurğulayıb ki, sülh sənədləri legitim hakimiyyət nümayəndələri tərəfindən imzalanmalıdır.
A.Qorxmaz