Son 24 saat ərzində Oman sahili boyunca Fars körfəzini tərk etməyə çalışan ən azı 8 gəmi geri dönüb.
Modern.az Bloomberg-ə istinadən xəbər verir ki, bu, Hörmüz boğazı üzərindən hərəkətin bərpasının hələ də çətin olduğunu və İranın əsas su yoluna nəzarət cəhdlərinin davam etdiyini göstərən növbəti siqnaldır.
Gəmi izləmə sistemlərinin məlumatına əsasən, neft tankerləri, yük gəmiləri və avtomobil daşıyıcıları daxil olmaqla bir sıra gəmilər Hörmüz boğazı istiqamətində hərəkət edib. Bəziləri Müsəndəm yarımadasının dar keçidinə qədər çatdıqdan sonra qəfil geri dönüb.
Daha sonra bir xam neft tankeri, iki neft məhsulu tankeri və bir yük gəmisi İranın yönləndirdiyi marşrutla şimala hərəkət edib. Tehran dəfələrlə bəyan edib ki, gəmilər yalnız onun icazə verdiyi marşrutla boğazdan keçməlidir.
Son dövrlərdə Fars körfəzini tərk etməyə çalışan gəmilər İran qüvvələrinin radio vasitəsilə xəbərdarlıqlarını eşitdiklərini və boğazdan keçmək üçün Tehran icazəsi tələb olunduğunu bildiriblər.
Tankerlər üçün risk səviyyəsi qlobal neft bazarının normallaşması baxımından kritik hesab olunur. Bazar məlumatlarına görə, hazırda boğazdan gündə orta hesabla 34 gəmi keçir ki, bu da müharibə dövrü ilə müqayisədə artım olsa da, hələ də müharibədən əvvəlki səviyyədən aşağıdır.