İran ABŞ tərəfindən genişmiqyaslı hərbi təhdid olarsa, bir sıra cavab variantlarını nəzərdən keçirə bilər.
Modern.az xəbər verir ki, bunu İran Parlamentinin Milli təhlükəsizlik komitəsinin sözçüsü İbrahim Rezayi deyib.
Onun sözlərinə görə, mümkün addımlardan biri İranın Nüvə Silahlarının Yayılmaması Sazişindən (NPT) çıxması ola bilər.
“Əgər rəsmi Tehran İslam Respublikasının mövcudluğuna təhlükə hiss edərsə, nüvə doktrinasının dəyişdirilməsi imkanını da nəzərdən keçirə bilər”, – deyə Rezayi vurğulayıb.
O, əlavə edib ki, İran müharibədə hələ bütün imkanlarından istifadə etməyib. Rezayi, həmçinin ABŞ Prezidenti Donald Trampı dəstəkləyən Fars körfəzi ölkələrinə müraciət edərək onları neft və qaz yataqlarının təhlükəsizliyini düşünməyə çağırıb.
Qeyd edək ki, İran hücum olarsa, Hörmüz boğazını yenidən bağlayacağını bəyan etmişdi. ABŞ Prezidenti Tramp isə yaxın saatlarda İrana qarşı yeni hücumların mümkünlüyünü açıqlamışdı.