Modern.az

Avropada yaşamaq istəyən azərbaycanlılara PİS XƏBƏR

Avropada yaşamaq istəyən azərbaycanlılara PİS XƏBƏR

Dünya

Bu gün, 12:51

Avropa İttifaqında yeni miqrasiya və sığınacaq paketi qüvvəyə minib.

Modern.az xatırladır ki, yeni qaydalar qaçqın statusu almağı daha da çətinləşdirir, sığınacaq ala bilməyən şəxslərin “təhlükəsiz üçüncü ölkələrə” göndərilməsini asanlaşdırır. Bununla yanaşı, bir sıra Avropa dövlətləri milli qanunvericiliklərini daha da sərtləşdirərək miqrasiya axınının qarşısını almağa çalışırlar.

Müşahidəçilər son dəyişikliklərdə üç əsas tendensiyanı qeyd edirlər: deportasiya prosedurlarının sadələşdirilməsi, miqrantların ölkə ərazisindən kənarda saxlanılması və Avropa ölkələrinin miqrantlar üçün cəlbediciliyinin azaldılması.

İsveçdə yeni qanuna əsasən, miqrantlar “pis davranışa” görə yaşayış icazəsini itirə bilərlər. Hökumət bu anlayışa vergi və borcların ödənilməməsi, qanunsuz fəaliyyət, sosial yardım fırıldaqları və ekstremist qruplarla əlaqələri daxil edir. Eyni zamanda, dövlət qurumlarının qeyri-qanuni miqrantlar barədə məlumat verməsini nəzərdə tutan qanun da qəbul olunub.

İtaliya deportasiya prosedurlarını sadələşdirib və sığınacaq ala bilməyən şəxslər üçün saxlanma müddətini artırıb. Roma hökuməti həmçinin Albaniyada yaradılan miqrant mərkəzləri layihəsini davam etdirir. Bu model sonradan Avropa İttifaqı tərəfindən də dəstəklənib və digər ölkələr üçün nümunə kimi qiymətləndirilib.

Fransa və Böyük Britaniya La-Manş boğazı üzərindən qeyri-qanuni keçidlərin qarşısını almaq üçün əməkdaşlığı genişləndiriblər. Tərəflər miqrantların geri qaytarılması və sərhəd nəzarətinin gücləndirilməsi istiqamətində yeni mexanizmlər tətbiq edirlər.

Böyük Britaniyada hökumət deportasiyaların sürətləndirilməsini nəzərdə tutan yeni qanun layihəsi hazırlayıb. Layihəyə əsasən, sığınacaq alan şəxslər gələcəkdə dövlətin onların saxlanmasına çəkdiyi xərclərin bir hissəsini geri ödəməli ola bilərlər.

Almaniyada isə sənədləri olmayan şəxslərin ölkəyə girişinə nəzarət gücləndirilib. Həmçinin məhdud müdafiə statusu alan minlərlə miqrantın ailə üzvlərini ölkəyə gətirməsi iki il müddətinə məhdudlaşdırılıb.

Niderlandda qəbul edilən yeni sistemə əsasən, sığınacaq alan şəxslər müxtəlif kateqoriyalara bölünəcək. Bəzi kateqoriyalar üçün ailə birləşməsi imkanları məhdudlaşdırılır, yaşayış icazələrinin müddəti isə qısaldılır.

Hüquq müdafiə təşkilatları bu addımların insan hüquqlarına mənfi təsir göstərə biləcəyini bildirirlər. Avropa hökumətləri isə sərtləşdirilmiş siyasətin qeyri-qanuni miqrasiyanı azaltmaq və sərhəd təhlükəsizliyini gücləndirmək məqsədi daşıdığını vurğulayırlar.

 

 

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır