İranın Xuzistan vilayətində yerləşən Əhvaz və Abadan şəhərlərində partlayış baş verməsi ilə bağlı sosial şəbəkələrdə və bəzi media resurslarında yayılan məlumatlar rəsmi şəkildə təkzib olunub.
Modern.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna yaxınlığı ilə tanınan Fars agentliyi Xuzistan valisinin təhlükəsizlik məsələləri üzrə müavininə istinadən məlumat yayıb.
Rəsmi şəxs Əhvaz və Abadanda partlayış baş verməsi barədə yayılan xəbərləri “əsassız şayiə” və “müxalif media orqanlarının psixoloji informasiya əməliyyatı” adlandırıb.
O bildirib ki, təhlükəsizlik və hərbi qüvvələr tam hazırlıq vəziyyətindədir və hazırkı vaxta qədər vilayətdə hər hansı xüsusi hadisə qeydə alınmayıb.
03:25
İranın cənubundakı Əsəluyə və Buşehr şəhərlərində partlayış səsləri eşidilib.
Modern.az xəbər verir ki, bu barədə İran KİV-i və regional mənbələr məlumat yayıb. İlkin məlumata görə, partlayış səsləri Buşehr vilayətinin müxtəlif ərazilərində, o cümlədən Əsəluyədə qeydə alınıb. Hadisənin səbəbi ilə bağlı hələlik İran rəsmilərindən rəsmi açıqlama verilməyib.
Buşehr vilayəti İranın yeganə fəaliyyət göstərən atom elektrik stansiyasının yerləşdiyi bölgədir. Əsəluyə isə Cənubi Pars qaz yatağı, eləcə də ölkənin ən böyük neft-qaz və neft-kimya komplekslərinin fəaliyyət göstərdiyi strateji enerji mərkəzlərindən biridir.