ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hərbi əməliyyatların davam etdirilməsinin vacibliyini bildirib.
Modern.az xəbər verir ki, o, bu fikirləri “The New York Post” qəzetinə müsahibəsində səsləndirib.
Tramp İordaniyada iki amerikalı hərbçinin həlak olmasını faciə kimi qiymətləndirsə də, bunun İrana qarşı əməliyyatların dayandırılması üçün əsas olmadığını deyib. Onun sözlərinə görə, bu əməliyyatlar ABŞ və regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
“İran rejiminin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün həyatını itirən hərbçilər ən böyük fədakarlığı göstəriblər. Əgər Tehran dayandırılmasa, Yaxın Şərq daha genişmiqyaslı qarşıdurma ilə üzləşə bilər”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Xatırladaq ki, cümə günü İordaniyada yerləşən Muvaffaq Salti Hərbi Hava Bazasına edilən hücum nəticəsində iki ABŞ hərbçisi həlak olub, bir nəfər itkin düşüb, azı dörd hərbçi isə yaralanıb. Trampdan həlak olan hərbçilərin ailələri ilə əlaqə saxlayıb-saxlamayacağı soruşulduqda o, “Əlbəttə. Mən bunu həmişə edirəm”, – cavabını verib.
Bu arada, ABŞ Ordusu şənbə günü ardıcıl səkkizinci gecə İrana qarşı hava əməliyyatları həyata keçirib. Hücumlar yerli vaxtla saat 18:00-da başlayaraq təxminən beş saat yarım davam edib və saat 23:30-da yekunlaşıb.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasına əsasən, zərbələr İranın sahil müşahidə sistemləri, hava hücumundan müdafiə infrastrukturu, hərbi dəniz imkanları, həmçinin raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektləri hədəf alıb.
CENTCOM əlavə edib ki, iyulun 17-də İordaniyada amerikalı hərbçilərə qarşı həyata keçirilən hücumlarla əlaqələndirilən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mövqelərinə də zərbələr endirilib. Bildirilib ki, bu əməliyyatların məqsədi SEPAH-ı operativ şəkildə cəzalandırmaqdır.
İordaniyada iki amerikalı hərbçinin öldürülməsindən sonra Vaşinqtonun Yaxın Şərqdəki hərbi mövcudluğunu gücləndirmək məqsədilə bölgəyə əlavə döyüş təyyarələri göndərdiyi də qeyd olunur.