ABŞ Prezidenti Donald Trampın bu həftə 60-a yaxın ölkəyə 10–12,5 faiz arasında dəyişən yeni gömrük rüsumları tətbiq etməyi planlaşdırdığı iddia olunur.
Modern.az xəbər verir ki, bu barədə Financial Times ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp fevral ayında qüvvəyə minən və müddəti başa çatmaq üzrə olan bütün ölkələr üçün nəzərdə tutulmuş 10 faizlik qlobal gömrük rüsumunu bəzi ölkələr üçün yeni tariflərlə əvəz etməyi planlaşdırır.
Məlumata əsasən, yeni rüsumların 10 faizdən 12,5 faizə qədər dəyişəcəyi və təxminən 60 ölkəni əhatə edəcəyi gözlənilir.
Xatırladaq ki, Donald Tramp fevral ayında ABŞ-yə idxal olunan bütün məhsullara 150 gün müddətinə 10 faizlik idxal rüsumu tətbiq edən qərarı imzalamışdı. Ağ Evin açıqlamasına görə, qərar 1974-cü il Ticarət Aktının 122-ci maddəsinə əsasən qəbul edilmiş və 24 fevraldan qüvvəyə minmişdi.
Mövcud 150 günlük müddət 24 iyul tarixində başa çatır.