Ermənistan parlamentinin sədri Alen Simonyanın mətbuat katibi Movses Arutyunyan vəzifəsindən ayrılıb.
Modern.az xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, parlament sədrliyinə namizəd Ruben Rubinyanın əmri ilə daha əvvəl də Milli Məclis sədrinin aparatında çalışan bir sıra əməkdaşlar işdən azad edilib.
Onların arasında parlament sədrinin müşavirləri Ovannes Nalbandyan və Aharon Nersisyan, köməkçiləri Karlen Qreyan və Zina Çalikyan yer alır.
Bundan başqa, Aşxen Hayrapetyan Ruben Rubinyanın qərarını gözləmədən Alen Simonyanın əmri ilə vəzifəsindən ayrılıb. Parlament sədrinin referenti Edqar Muradyan da işdən çıxmaq üçün ərizə yazıb.
Qeyd edək ki, Alen Simonyanın səlahiyyət müddəti avqustun 3-də başa çatır. Hakim "Vətəndaş sazişi" Partiyası onu yenidən parlament sədri vəzifəsinə namizəd göstərməyib. Bu postun Ruben Rubinyana həvalə olunacağı gözlənilir.
Erməni mətbuatı yazır ki, Simonyanın yaxın komandasının ardıcıl şəkildə vəzifədən uzaqlaşdırılması diqqət çəkir. Nəşrlər bunu hakimiyyət daxilində baş verən dəyişikliklərin göstəricisi kimi qiymətləndirirlər.