Modern.az

Ermənistan parlamentində yeni spikerə qarşı ağır ittihamlar səsləndirildi

Ermənistan parlamentində yeni spikerə qarşı ağır ittihamlar səsləndirildi

Dünya

Bu gün, 14:17

Ermənistan parlamentində hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvü, parlament sədrinin səlahiyyətlərini icra edən Ruben Rubinyan müxalifət deputatının sərt ittihamları ilə üzləşib. Çıxışda Rubinyanın qardaşının müxtəlif strateji sahələrdə fəaliyyət göstərən şirkətlərlə əlaqələri və mümkün maraqlar toqquşması barədə iddialar səsləndirilib.

Modern.az xəbər verir ki, deputat Mesrop Manukyan çıxışında əvvəlcə Rubinyanın jestlərinə münasibət bildirərək bunun normal davranış olduğunu deyib, daha sonra isə öz siyasi keçmişindən heç vaxt imtina etmədiyini vurğulayıb.

Deputat çıxışının əsas hissəsində Ruben Rubinyanın qardaşı Levon Rubinyanın fəaliyyətinə toxunub. Onun iddiasına görə, Levon Rubinyan “Amio Bank”ın idarə heyəti sədrinin birinci müavini olmaqla yanaşı, “Viva Armenia”nın idarəetmə orqanında da təmsil olunur.

Manukyan bildirib ki, dövlətin pay sahibi olduğu bankın fəaliyyəti, telekommunikasiya şirkətlərinin sahibliyi və son illərdə baş vermiş iri biznes əməliyyatları fonunda maraqlar toqquşması ilə bağlı suallar yaranır. O, Konstantin Sokolovun adı ilə əlaqələndirilən investisiyaların bank, telekommunikasiya, infrastruktur və mədən sənayesi kimi strateji sahələrə yönəldiyini iddia edib.

Deputat çıxışında həmçinin “Viva Armenia”, “Rostelecom”, “Tripi” layihəsi və “Hrazdan Sement” zavodu ilə bağlı müxtəlif biznes proseslərini sadalayaraq, bu sahələrdə eyni şəxslərin iştirakının araşdırılmalı olduğunu bildirib.

Mesrop Manukyan Rubinyanın qayınatası Hakob Hacı Hakobyanın 2022-ci ildə Milli Məclisin protokol xidmətinin rəhbəri vəzifəsinə təyin olunmasını da tənqid edib. O, həmin şəxslə bağlı əvvəllər Türkiyədə konsulluq fəaliyyəti dövrünə aid korrupsiya iddialarının açıq mənbələrdə yer aldığını desə də, bu barədə hər hansı məhkəmə qərarı təqdim etməyib.

Çıxışının sonunda deputat hakimiyyəti ölkənin strateji sahələrinin idarə olunmasına dair şəffaflıq nümayiş etdirməyə çağırıb. O bildirib ki, səsləndirdiyi fikirlər siyasi qiymətləndirmə xarakteri daşıyır və parlamentdə bu məsələlərin araşdırılmasını davam etdirəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var