İran Hörmüz boğazını gəmiçilik üçün açmaq niyyətində olmadığını və ABŞ ilə dəniz nəqliyyatının bərpasına dair heç bir razılaşmanın əldə olunmadığını bəyan edib.
Modern.az xəbər verir ki, bu barədə Fars agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, münaqişənin nizamlanmasına dair razılaşmanın əldə olunacağı gözləntisi fonunda İrana qarşı planlaşdırılan "güclü zərbələri" ləğv edib. Onun sözlərinə görə, danışıqlar iştirakçıları razılaşmanın əsas şərtlərini razılaşdırıblar. Bu şərtlərə Hörmüz boğazının dərhal və tam açılması, həmçinin İranın nüvə proqramının dayandırılması daxildir.
Bununla yanaşı, İsrailin N12 telekanalı iki diplomatın məlumatına istinadən xəbər verib ki, İranın xarici işlər naziri Abbas Əraqçi ötən gecə vasitəçilərə Tehranın ABŞ və Omanın Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı təklifini qəbul etdiyini bildirib. Məlumata görə, Əraqçinin bu razılığı ABŞ Prezidenti Donald Trampın İrana zərbə endirmək qərarından imtina etməsinin əsas səbəblərindən biri olub.