Ermənistanın yeni parlamentinin ilk sesisyasının iclası qalmaqalla yadda qalıb.
Yeni parlamentin ilk sessiyası dünən-avqustun 2-si səhər saatlarında başlayıb və saat 18:00-dək davam edib.
İlk iclas zamanı deputatlar parlamentin sədrinin seçilməsi məsələsinin müzakirəsinə başlayıblar. Bu vəzifəyə yeganə namizəd hakim "Vətəndaş müqaviləsi" Partiyasından deputat Ruben Rubinyandır.
Məsələnin müzakirəsi deputatların fikir mübadiləsi mərhələsində dayandırılıb.
Modern.az xəbər verir ki, spiker vəzifəsinə namizəd Ruben Rubinyan iclasda çıxışı zamanı Türkiyədə olduğu dövrdə Adana kababı və İsgəndər kababını çox sevdiyini bildirib.
"Güclü Ermənistan" fraksiyasının deputatı Şiraz Manukyan Rubinyana belə bir sual ünvanlayıb:
"Türkiyədə Sabancı Universitetinin İstanbul Siyasi Mərkəzində tədqiqat fəaliyyəti göstərdiyiniz müddətdə Türkiyənin dövlət sisteminin nümayəndələri ilə görüşləriniz olubmu?"
Rubinyan cavabında belə görüşlərin olmadığını deyib.
"Mən heç vaxt Türkiyənin hansısa dövlət məmuru ilə görüşdüyümü deməmişəm. Deməli, görüşmədiyim insanların necə göründüyünü də deyə bilmərəm", – o bildirib.
Rubinyan əlavə edib ki, əgər sualın məqsədi Türkiyə xüsusi xidmət orqanları ilə bağlıdırsa, bunu açıq şəkildə soruşmaq lazımdır.
"Birbaşa soruşun: Türkiyədə xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşmüşəmmi və onlar məni əməkdaşlığa cəlb etməyə çalışıblarmı? Əgər nəzərdə tutduğunuz budursa, cavabım xeyrdir", – deyə o vurğulayıb.
Rubinyan xatırladıb ki, oxşar ittihamlara hələ 2021-ci ildə cavab verib. O bildirib ki, Hrant Dink Fondunun proqramında iştirak etsə də, Türkiyədə ali təhsil almayıb.
"Türkiyədə keçdiyim yeganə kurs türk dili kursu olub. Başqa heç bir təhsil proqramında iştirak etməmişəm", – deyə o qeyd edib.
Türkiyədə olması faktını gizlətməsi ilə bağlı iddialara münasibət bildirən Rubinyan bunun heç vaxt sirr olmadığını vurğulayıb. O xatırladıb ki, 2018-ci ildə xarici işlər nazirinin müavini təyin olunduqdan sonra verdiyi ilk müsahibədə bu barədə açıq danışıb.
Daha sonra deputat Şiraz Manukyan Türkiyənin Ermənistanla münasibətlər üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın Rubinyanı "Vətəndaş müqaviləsi" Partiyasının parlament sədri vəzifəsinə namizədi seçilməsi münasibətilə təbrik etməsinə münasibətini soruşub.
Rubinyan cavabında bildirib ki, diplomatik fəaliyyət tərəfdaşlıq münasibətlərinin qurulmasını nəzərdə tutur.
"Mən həm sevinir, həm də fəxr edirəm ki, həmkarımla elə münasibətlər qura bilmişəm ki, o məni təbrik edib", – deyə Rubinyan bildirib və əlavə edib ki, digər beynəlxalq tərəfdaşlardan da təbriklər alıb.
Sonda isə zarafatla əlavə edib:
"Əgər maraqlıdırsa, onu da deyim ki, Türkiyədə Adana kababı və İsgəndər kababını yeməyi çox sevirdim. Çox dadlıdır."
Ermənistan parlamentinə yeni sədr seçiləcək Ruben Rubinyan 2016-2017-ci illərdə (təxminən beş ay) Türkiyədə yaşayıb.
Səfərin məqsədi tədqiqat aparmaq və "Ermənistan və Türkiyə arasında təcrübə mübadiləsi" proqramında iştirak etmək olub.
Səfərin təşkilatçısı Sabancı Universitetinin İstanbul Siyasət Mərkəzindəki Hrant Dink Fondu olub.
A.Qorxmaz