İsrail prezidenti İsaak Hersoq oktyabrın 27-də keçirilən seçkilərdən sonra yaranan koalisiya qeyri-müəyyənliyinin aradan qaldırılması üçün siyasi liderlərlə məsləhətləşmələr aparacağını və uzlaşma əldə etməyə çalışacağını bildirib.
Modern.az xəbər verir ki, bu barədə İsrailin KAN dövlət televiziyası məlumat yayıb.
Hersoq iştirak etdiyi proqramda çərşənbə günü İsrail Mərkəzi Seçki Komitəsindən seçkilərin rəsmi nəticələrini alacağını və bundan sonra partiya liderləri ilə məsləhətləşmələrə başlayacağını deyib.
Prezident bildirib ki, partiya liderlərinə seçkilərin nəticələri ilə üzləşməli olduqlarını söyləyəcək və ölkənin yenidən seçkilərə getməməsi üçün koalisiya hökumətinin qurulması istiqamətində uzlaşma əldə etməyə çalışacaq.
Hersoq hər bir partiya liderindən baş nazir vəzifəsinə kimi namizəd göstərdiyini və koalisiya hökumətinin qurulması üçün kimi dəstəklədiyini soruşacağını qeyd edib.
O, yeni seçkilərin qarşısını almaq üçün siyasi liderlərin həll yolları tapacağına ümid etdiyini bildirib.
İ.Hersoq seçkilərdən dərhal sonra verdiyi açıqlamada da növbədənkənar seçkilərin keçirilməməsi üçün çalışacağını demişdi.
İsrailin baş naziri Binyamin Netanyahuya yaxınlığı ilə tanınan Dimona şəhərinin meri Benni Biton KAN-a müsahibəsində Netanyahunun “milli birlik hökuməti” qurmaqda maraqlı olduğunu iddia edib.
Biton sözlərinin qəti olduğunu vurğulayaraq ABŞ prezidenti Donald Trampın və İsrail prezidenti İsaak Hersoqun belə bir hökumətin qurulması üçün təminatçı rolunu oynayacağını bildirib.
“Kipa” xəbər portalının məlumatına görə, Binyamin Netanyahunun rəhbərlik etdiyi hazırkı koalisiyanın üzvü olan partiyalardan biri Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət bloku ilə birləşmək üçün danışıqlara başlayıb.
Qeyd edək ki, oktyabrın 27-də İsraildə keçirilən seçkilərin hələ yekunlaşmamış nəticələrinə görə, heç bir siyasi blok parlamentdə hökumət qurmaq üçün tələb olunan 61 mandatı əldə edə bilməyib.
Binyamin Netanyahunun rəhbərlik etdiyi hakim blok 53, Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət bloku isə 48 mandat qazanıb.
İsrail parlamentində ümumilikdə 120 yer var.
İsrailin ərəb vətəndaşlarını təmsil edən iki siyasi siyahı isə tarixi nəticə əldə edərək 19 mandat qazanıb. Bu, onların parlamentdə hökumətin formalaşdırılması prosesində həlledici mövqeyə gəlməsinə səbəb olub.