Modern.az

Almaniya döyüş poliqonuna döndü: qarət və xaos bir arada

Almaniya döyüş poliqonuna döndü: qarət və xaos bir arada

Dünya

Bu gün, 16:15

Almaniyada bahalaşmaya, təhsil sistemindəki problemlərə və məcburi hərbi xidmətin tətbiqi ehtimalına qarşı keçirilən etiraz aksiyaları bir sıra şəhərlərdə iğtişaşlarla nəticələnib. Mağazalar qarət edilib, azı 176 nəfər saxlanılıb, 27 polis əməkdaşı yaralanıb.

Modern.az xəbər verir ki, minlərlə gəncin qatıldığı “Z nəsli həll edəcək” şüarlı aksiyalar əvvəlcə dinc xarakter daşısa da, gecə saatlarında Frankfurt, Berlin, Köln və Hamburqda qarşıdurmalara çevrilib.

Polis əməkdaşlarına fişənglər, daş və butulkalar atan nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından istifadə olunub.

Mağazalar qarət edilib

Hessen əyalətinin Frankfurt şəhərində əsas alış-veriş küçəsinin böyük hissəsi polis tərəfindən bağlanıb. Bir sıra mağazaların, o cümlədən silah mağazasının vitrinləri sındırılıb. Saxlanılan şübhəlilərdən birinin üzərindən iki silah götürülüb.

Yerli medianın məlumatına görə, etirazçılar bəzi mağazalara daxil olaraq idman ayaqqabıları və digər məhsulları da qarət ediblər.

Etirazçılar nə tələb edir?

“Gen Z regelt” hərəkatının nümayəndəsi Lina Fridrix bildirib ki, aksiyalar müharibəyə və məcburiyyətə deyil, sülhə və azadlığa çağırış məqsədi daşıyır.

Onun sözlərinə görə, gənclər səhiyyə və təhsil sisteminə daha çox vəsait ayrılmasını, məcburi hərbi xidmətin tətbiq edilməməsini və sosial yükün daha ədalətli bölüşdürülməsini tələb edirlər.

Hessenin daxili işlər naziri Roman Posek isə Fransadakı iğtişaşları xatırladaraq Almaniyanın belə hadisələri nümunə götürməməli olduğunu vurğulayıb.

Berlin və Hamburqda da qarşıdurma

Kölndə polis əməkdaşlarına butulkalar və velosipedlər atılıb. Şəhər polisinin rəisi Yohannes Hermans dinc etiraz keçirmək istəyən gənclərin radikal qrupların zorakılığına görə çətin vəziyyətə düşməsindən təəssüfləndiyini bildirib.

Berlində aksiyalar zamanı 27 polis əməkdaşı yaralanıb, 56 nümayişçi müvəqqəti saxlanılıb.

Hamburqda isə qara geyimli etirazçılar fişənglər partladıb və barrikadaları yandırıblar. NDR telekanalının məlumatına görə, şəhərdə 120 nəfər saxlanılıb.

Frankfurt polisi səhər saatlarında şəhərdə vəziyyətin sakitləşdiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir