Ermənistan parlamentində keçirilən səsvermənin nəticələrinə əsasən, hakim "Vətəndaş müqaviləsi" fraksiyasının namizədi Ruben Rubinyan qanunverici orqanın (Milli Assambleya) yeni sədri seçilib.
Modern.az xəbər verir ki, səsvermədə 105 deputatdan 91-i iştirak edib. Ruben Rubinyanın lehinə 63, əleyhinə isə 28 səs verilib.
Səsvermədən əvvəl müxalif "Hayastan" fraksiyasının rəhbəri Anna Qriqoryan fraksiyasının səsvermədə iştirak etməyəcəyini açıqlayıb. O, hakim "Vətəndaş müqaviləsi" partiyasını qohumbazlıqda və yaxınlarını yüksək dövlət vəzifələrinə, o cümlədən dövlət payı olan şirkətlərə təyin etməkdə ittiham edib.
"Güclü Ermənistan" fraksiyasının rəhbəri Narek Karapetyan isə fraksiyasının Rubinyanın namizədliyinin əleyhinə səs verəcəyini bildirib. O, hakimiyyəti Rusiya ilə tamhüquqlu iqtisadi münasibətlər qura bilməməkdə, həmçinin Türkiyə və Azərbaycanla münasibətlərdə əsas məsələləri layiqincə həll etməməkdə ittiham edib.
Qeyd edək ki, əvvəlki çağırış parlamentdə Ruben Rubinyan vitse-spiker vəzifəsini tuturdu. İyun ayında keçirilən parlament seçkilərindən sonra hakim "Vətəndaş müqaviləsi" partiyası onu parlament sədrliyinə namizəd göstərmişdi.
Parlament sədrinin seçilməsindən sonra Milli Assambleya vitse-spikerlərin seçkisini keçirəcək.
Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən formalaşan Ermənistan Milli Assambleyasında hakim "Vətəndaş müqaviləsi" Partiyası 64 mandatla təmsil olunur. Müxalif "Güclü Ermənistan" bloku 29, "Hayastan" bloku isə 12 mandat qazanıb.