Avstriyada avqustun 4-də havanın temperaturu 41 dərəcəyədək yüksələrək ölkə üzrə yeni rekord qeydə alınıb.
Modern.az xəbər verir ki, "Kronen Zeitung" qəzetinin məlumatına görə, bununla da əvvəlki 40,5 dərəcəlik temperatur rekordu yenilənib.
Bildirilir ki, ölkənin şərq bölgələrində ekstremal isti hava şəraiti ilə əlaqədar ən yüksək təhlükə səviyyəsi elan edilib. Eyni zamanda, Burgenland federal əyalətində meşə yanğınları davam edir.
Qeyd olunur ki, Avropada müşahidə olunan anomal istilər kənd təsərrüfatına da ciddi zərbə vurub. Son dörd həftə ərzində isti hava səbəbindən Avropa İttifaqı və Böyük Britaniyada taxıl istehsalı proqnozu təxminən 9 milyon ton azaldılıb.
Ekspertlərin hesablamalarına əsasən, bu azalma buğda, arpa, qarğıdalı və digər dənli bitkilər üzrə məhsul itkilərinin dəyərini təxminən 2,1 milyard avroya çatdırıb ki, bu da gözlənilən ümumi məhsul dəyərinin təxminən 5%-nə bərabərdir.
Bundan əlavə, Avropa İttifaqı və Böyük Britaniya üzrə qarğıdalı istehsalı proqnozu 57,2 milyon tondan 52,7 milyon tona endirilib.
Bundan əvvəl anomal istilərin Fransada da kənd təsərrüfatı məhsuldarlığına mənfi təsir göstərdiyi bildirilmişdi.