Modern.az

Tramp kürəkənini Yaxın Şərqə göndərir

Tramp kürəkənini Yaxın Şərqə göndərir

Dünya

Bu gün, 09:32

ABŞ prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşnerin gələn həftə İsrailə səfər edərək Qəzza zolağındakı vəziyyətlə bağlı danışıqlar aparması planlaşdırılır. Bu barədə "Axios" portalı səfər planından xəbərdar olan mənbələrə istinadən yazıb.

Modern.az xəbər verir ki, bu, Kuşnerin yanvar ayından bəri İsrailə ilk səfəri olacaq. Səfər Ağ Ev administrasiyasının Qəzza planının növbəti mərhələsini irəlilətməyə çalışdığı bir vaxtda baş tutacaq. Plan HƏMAS-ın silahsızlaşdırılmasını və İsrail qoşunlarının bölgədən çıxarılmasını nəzərdə tutur.

ABŞ rəsmilərindən biri bildirib ki, Vaşinqton və İsrail strateji məqsədlə bağlı razılaşır, lakin İsrail planla bağlı müəyyən narahatlıqlarını ifadə edib. Onun sözlərinə görə, səfərin əsas məqsədlərindən biri tərəflər arasında koordinasiyanı təmin etməkdir. Rəsmi səfər tarixinin dəyişə biləcəyini də qeyd edib.

İyulun sonunda ABŞ Prezidenti Donald Tramp “Sülh Şurası” ilə HƏMAS-ın qrupun tamamilə silahsızlaşdırılması ilə bağlı “tarixi razılaşma” əldə etdiyini açıqlamışdı. Razılaşmaya əsasən, Qəzzadakı digər silahlı qruplaşmalar da silahlarını təhvil verməlidir.

Lakin avqustun 9-da İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın mərhələli şəkildə silahsızlaşdırılması planını və atəşkəsin həyata keçirilməsi üzrə sonrakı addımları açıq şəkildə rədd edib.

"Axios"un məlumatına görə, Ağ Ev Netanyahunun açıqlamasını rəsmi mövqedən daha çox seçkiqabağı “siyasi oyun” kimi qiymətləndirib. ABŞ rəsmisi İsrail baş nazirinin siyasi ehtiyaclarını başa düşdüklərini, lakin Qəzzada hücumların qarşısının alınması ilə bağlı Vaşinqtonun tələblərinə əməl etdiyi müddətdə bunun problem olmadığını bildirib.

Nəşrin yazdığına görə, razılaşmadan sonra İsrail Qəzzaya zərbələrin sayını əhəmiyyətli dərəcədə azaldıb, İsrail Müdafiə Ordusunun bölmələri isə razılaşmaya əsasən yerləşdirilməli olduqları “sarı xətt”ə qədər geri çəkilib.

Kuşnerlə yanaşı, “Sülh Şurası”nın yüksək səviyyəli nümayəndəsi Nikolay Mladenov və digər ABŞ rəsmilərinin də İsrailə səfər etməsi gözlənilir.

Bundan sonra Kuşnerin Qahirədə Misir, Qətər və Türkiyəni təmsil edən vasitəçilərlə görüşməsi planlaşdırılır. Tərəflərin qarşıdakı bir neçə ay ərzində regionda atılacaq addımlarla bağlı qarşılıqlı anlaşmaya nail olmağa çalışacağı bildirilir.

İyul ayında HƏMAS Qəzzadakı hökumətini buraxdığını və BMT-nin dəstəyi ilə fəaliyyət göstərəcək texniki komitəyə hakimiyyətin ötürülməsinə hazırlaşdığını açıqlamışdı.

Sizə yeni x var
Keçid et
Rusiyanın Ermənistandakı bazası vurulacaq! ŞOK XƏBƏRDARLIQ