Tez-tez qeyri-adi hərəkətlərilə diqqətləri cəlb edən Ermənistanın Baş naziri Nikol Paşinyan yenə sosial mediada gündəm olub. Bu dəfə o, türkiyəli jurnalistin kamerasına yaxalanıb.
Modern.az xəbər verir ki, Nikol Paşinyan əvvəlcə Türkiyə ilə münasibətlərin normallaşması və regionda əməkdaşlıq perspektivləri barədə danışıb.
Onun türkiyəli jurnalistlə söhbətinin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.
Kadrlarda Paşinyan jurnalistdən səslənən musiqinin hansı mahnı olduğunu və siyasi məna daşıyıb-daşımadığını soruşur.
Jurnalist isə bunun Türkiyənin məşhur müğənnisi Tarkana məxsus “Şımarık” mahnısı olduğunu bildirir. Paşinyan Tarkanın kim olduğunu bildiyini təsdiqlədikdən sonra jurnalist ona əlləri ilə ürək işarəsi göstərməyi təklif edir. Paşinyan jurnalstin ürək işarəsinə qarşılıqlı reaksiya göstərir.
Daha sonra türkiyəli jurnalist Türkiyə və Ermənistan münasibətlərinə dair suallar verir:
“Yaxşı münasibətlər qururuq və buna çox sevinirik. Ümid edirəm ki, gələcəkdə Ermənistan, Azərbaycan və Türkiyə regionda əməkdaşlıq edəcəklər. Düşünürəm ki, bu, bütün xalqlarımız üçün daha yaxşı olacaq. Siz bu barədə nə düşünürsünüz?”
Nikol Paşinyan isə cavabında əməkdaşlıq, sülh və rifah istiqamətində çalışmalı olduqlarını vurğulayıb.
“Bəli, biz əməkdaşlıq, sülh və rifah istiqamətində işləməliyik. Düşünürəm ki, hazırda məhz bu yoldayıq”, – deyə Ermənistanın baş naziri bildirib.