Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin ABŞ-dəki yeni səfirinin təyin olunmasında çətinliklə üzləşib.
Modern.az xəbər verir ki, bu barədə Politico Ukraynanın yüksək vəzifəli rəsmiləri və deputatlarına istinadən məlumat yayıb.
Məlumata görə, Kiyev Vaşinqtonda Ukraynanı təmsil etmək üçün kifayət qədər siyasi çəkisi və nüfuzu olan namizəd axtarır. Lakin potensial namizədlərin bir qismi bu vəzifəni qəbul etməyə tələsmir.
Bildirilir ki, Zelenski daha əvvəl keçmiş Baş nazir Yuliya Sviridenkonun ABŞ-a səfir göndərilməsini təklif edib. Lakin Sviridenko bu təklifi qəbul etməyib.
Mənbələrə görə, bundan sonra digər namizədlər də vəzifəyə münasibətdə ehtiyatlı davranmağa başlayıblar. Səbəblərdən biri kimi ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə işləməyin mürəkkəbliyi göstərilir.
Xatırladaq ki, Ukraynanın ABŞ-dakı əvvəlki səfiri Olqa Stefanishina avqustun 3-də Zelenskinin sərəncamı ilə vəzifədən azad edilib.
Yeni səfirin seçilməsi Kiyev üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Vaşinqton Ukraynanın hərbi və diplomatik dəstəyində əsas tərəfdaşlardan biridir. ABŞ administrasiyası ilə silah tədarükü, hava hücumundan müdafiə, kəşfiyyat əməkdaşlığı və mümkün sülh prosesləri ilə bağlı danışıqlarda səfirliyin fəaliyyəti mühüm rol oynaya bilər.