Şimali Koreyanın Rusiyaya əlavə olaraq 30-50 min hərbçi göndərməsi planlaşdırılır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni Şimali Koreya hərbçilərinin Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod, Bryansk və Kursk vilayətlərinə göndərilməsi nəzərdə tutulur.
Ukrayna Prezidenti Volodimir Zelenski də daha əvvəl Rusiyada 30-50 minə qədər Şimali Koreya hərbçisinin yerləşdirilməsi barədə məlumat yayıb. O bildirib ki, Şimali Koreya hərbçiləri Rusiyada müasir müharibə təcrübəsi əldə edir.
Bununla yanaşı, yeni kontingentin yalnız hərbçilərdən ibarət olmayacağı iddia edilir. Məlumatlara əsasən, Şimali Koreya Rusiyaya mühəndislər, inşaatçılar və qadın tibb işçiləri də göndərə bilər.
Qeyd edək ki, Şimali Koreya hərbçilərinin Rusiyanın tərəfində Ukrayna müharibəsində iştirakı ilə bağlı məlumatlar ilk dəfə 2024-cü ildə yayılıb. ABŞ və Cənubi Koreyanın qiymətləndirmələrinə görə, həmin dövrdə minlərlə Şimali Koreya hərbçisi Rusiyanın Kursk vilayətinə göndərilib.
Son məlumatlar isə Moskva ilə Pxenyan arasında hərbi əməkdaşlığın daha da genişlənə biləcəyinə dair iddiaları gücləndirib.