Böyük Britaniyanın BBC telekanalı ABŞ Prezidenti Donald Trampın ailə üzvlərinin məhkəmədə ifadə verməsi və müəyyən sənədləri təqdim etməsi üçün çağırılmasına nail olmağa çalışır.
Modern.az xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.
Məsələ Trampın BBC-yə qarşı qaldırdığı 10 milyard dollarlıq iddia çərçivəsində müzakirə olunur.
Məhkəmə sənədlərindən məlum olur ki, BBC-nin hüquqşünasları may ayında Trampın böyük oğlu Donald Tramp Jr., qızı İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşnerə məhkəmə çağırışlarını təqdim etməyə cəhd göstəriblər.
Qeyd edək ki, Donald Tramp BBC-yə qarşı “Panorama” proqramında yayımlanan süjetə görə məhkəməyə müraciət edib. Süjetdə 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan əvvəl Trampın çıxışından iki ayrı hissə birləşdirilərək təqdim olunub.
BBC daha əvvəl montajla bağlı üzr istəyib. Bununla belə, telekanal hadisənin böhtanla bağlı məhkəmə iddiası üçün hüquqi əsas yaratdığını qəbul etmir.
BBC-nin vəkilləri hesab edir ki, Trampın ailə üzvləri onun çıxışın hazırlanması və səsləndirilməsi zamanı niyyətləri barədə “şəxsi məlumatlara” malik ola bilərlər. Buna görə onların ifadələri və malik olduqları sənədlər iş üçün əhəmiyyət daşıya bilər.
Məhkəməyə təqdim olunan vəsatətdə bildirilir ki, Donald Tramp Jr. və İvanka Tramp atasının çıxışının hazırlanması və ona dəyişikliklərin edilməsində iştirak ediblər. Cared Kuşnerin isə Tramp üçün zorakılığın tətbiqini pisləyən bəyanat layihəsi hazırladığı qeyd olunur.
Bu məlumatlar daha əvvəl ABŞ Konqresinin 6 yanvar hadisələri ilə bağlı apardığı araşdırmanın materiallarında da yer alıb.
BBC məhkəmədən Trampın ailə üzvlərinə çağırışların elektron poçt və sifarişli məktub vasitəsilə göndərilməsinə icazə verməsini istəyir. Buna səbəb sənədlərin şəxsən təqdim edilməsi cəhdlərinin nəticəsiz qalmasıdır.
BBC-nin hüquq qrupunun nümayəndəsi İvanka Tramp və Cared Kuşnerə çağırışları Floridadakı evlərinin qarşısında təqdim etməyə çalışıb. Lakin nümayəndənin polis postundan keçməsinə icazə verilməyib. Daha sonra ABŞ Məxfi Xidmətinin əməkdaşı sənədləri qəbul edə bilməyəcəklərini bildirib.
Donald Tramp Jr.-a çağırış isə Nyu-Yorkdakı “Trump Tower”də təqdim edilməyə çalışılıb. BBC nümayəndəsinə sənədləri adətən qəbul edən əməkdaşın naharda olduğu bildirilib. İki gün sonra edilən növbəti cəhd zamanı isə hüquq departamentinin həmin gün fəaliyyət göstərmədiyi deyilib.
Donald Tramp ötən ilin dekabrında Floridada BBC və onun BBC Studios Productions və BBC Studios Distribution bölmələrinə qarşı iddia qaldırıb. O, telekanalı 2021-ci il yanvarın 6-da etdiyi çıxışın “qəsdən, bədniyyətli və yanlış təsəvvür yaradan şəkildə montajında” ittiham edib.
BBC montaj zamanı səhvə yol verdiyini etiraf edib. Telekanal bildirib ki, montaj Trampın birbaşa zorakılığa çağırış etdiyi barədə yanlış təəssürat yaradıb. Bununla belə, BBC hesab edir ki, bu hal böhtanla bağlı hüquqi meyarlara cavab vermir. Telekanal, həmçinin mübahisəli proqramın BBC-nin ABŞ-dakı platformalarında yayımlanmadığını bildirir.
Ötən ay Trampın vəkilləri də “Panorama” proqramının ilkin iddialarda qeyd edildiyi kimi ABŞ-da “BritBox”, BBC.com, BBC Select və ya ABŞ yayımçıları vasitəsilə əlçatan olduğuna dair sübutların olmadığını etiraf ediblər.
Tramp, həmçinin BBC Studios-un mübahisəli verilişin hazırlanması və istehsalında iştirak etmədiyini bildirməsindən sonra bu kommersiya bölməsinin iddiadan çıxarılmasına razılaşıb.
Məhkəmə daha əvvəl Trampa BBC-yə maliyyə sənədlərini təqdim etmə müddətini təxirə salmağa icazə verib. BBC bu sənədləri prezidentin sözügedən proqramın onun biznes reputasiyasına və kommersiya maraqlarına zərər vurduğu barədə iddiası ilə əlaqədar tələb edib.
Trampın vəkilləri isə maliyyə sənədlərinin açıqlanmasının prezidentə “düzəldilməsi mümkün olmayan zərər” vura biləcəyini bildiriblər.
İş məhkəməyə qədər gedərsə, prosesin 2027-ci ilin fevralında keçirilməsi planlaşdırılır.