Fransa, Almaniya və Böyük Britaniya Ukrayna ilə bağlı gələcək danışıqlarda vahid Avropa mövqeyi formalaşdırmağa çalışır. Avropa liderləri ABŞ Prezidenti Donald Trampın Rusiya ilə mümkün razılaşmalarda onları prosesdən kənarda saxlaya biləcəyindən narahatdırlar.
Modern.az xəbər verir ki, bu barədə “The New York Times” Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Paris və Berlin artıq vahid Avropa mövqeyinin hazırlanmasına rəhbərlik edir. London isə ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə münasibətlərdə yarana biləcək fəsadlardan ehtiyat etdiyi üçün müzakirələrdə daha ehtiyatlı mövqe tutur.
Avropa ölkələri hesab edir ki, Rusiya ilə Ukrayna arasında danışıqlar baş tutacağı təqdirdə prosesdə əsas rolu böyük ehtimalla ABŞ oynayacaq. Bununla belə, avropalı rəsmilər bildirirlər ki, Ukraynanın gələcəyi və Rusiya ilə münasibətlər Avropanın təhlükəsizliyi baxımından olduqca mühüm məsələlərdir və onların yalnız Vaşinqtonun ixtiyarına buraxılması yolverilməzdir.
Avropa ölkələrinin əsas məqsədi danışıqlarda iştirakını təmin etmək və Rusiya ilə ABŞ arasında Avropanın maraqları nəzərə alınmadan hər hansı razılaşmanın əldə olunmasına imkan verməməkdir. Brüsseldə isə müxtəlif diplomatik təşəbbüslərin bir-biri ilə rəqabət aparmamalı olduğu vurğulanır.
Fransa, Almaniya və Böyük Britaniya – “E3” kimi tanınan üçlük – Ukraynaya dəstək verən Avropa danışıqlar qrupunun əsasını təşkil edə biləcəklərini düşünür. Bu üç ölkə Kiyev üçün gələcək hərbi və müdafiə təminatları ilə bağlı variantların hazırlanması ilə məşğul olan “istəklilər koalisiyası”nın da əsas iştirakçılarıdır.
Bununla yanaşı, avropalı rəsmilər Polşa, İtaliya və Şimali Avropa ölkələrinin də müzakirələrə cəlb edilməsinin vacibliyini bildirirlər. Avropa İttifaqının isə proses barədə məlumatlandırılması və sonrakı mərhələdə danışıqlara birbaşa cəlb olunması gözlənilir.
Məlumata görə, bəzi ölkələr, xüsusilə Baltikyanı dövlətlər və Macarıstan Fransa ilə Almaniyanın ümumavropa maraqlarını təmsil etməsinə tam etibar etmir.
Avropa ölkələrini narahat edən digər məqam Moskvanın ciddi danışıqlara hazır olduğuna dair hər hansı əlamətin görünməməsidir. Bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin ən azı Donbass üzərində tam nəzarətin əldə olunmasında israr etməkdə davam edir.
Avropa liderlərinin Moskva ilə müstəqil şəkildə əlaqələr qurmaq cəhdləri də indiyədək nəzərəçarpacaq nəticə verməyib. İyun ayında Fransa, Almaniya və Böyük Britaniyanın nümayəndələri Moskvada Ukrayna məsələsinə kuratorluq edən Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüblər. Paralel olaraq, Avropa Şurasının Prezidenti Antonio Koşta da Rusiya rəsmiləri ilə ayrıca diplomatik kanal yaratmağa çalışıb.
Lakin Rusiya tərəfi bu təşəbbüsləri tənqidlə qarşılayıb. Qaluzin bildirib ki, üç Avropa ölkəsi “Ukraynanı Rusiya ilə müharibəni davam etdirməyə sövq edir”.
Fransa Prezidenti Emmanuel Makron isə Avropanın danışıqlarda iştirak etməli olduğunu vurğulayıb.
“Danışıqlar başlayanda avropalılar danışıqlar masasında əyləşməlidirlər”, - deyə Makron bildirib.
Almaniya kansleri Fridrix Merts Fransa, Almaniya və Böyük Britaniyanın Ukraynanın birbaşa müraciəti əsasında fəaliyyət göstərdiyini deyib. Onun sözlərinə görə, bu üç ölkənin əməkdaşlığı məntiqlidir, çünki onlar Avropanın böyük dövlətləridir və Kiyevə hərbi dəstək məsələsində əhəmiyyətli töhfə verirlər.
“Danışıqlar başlayanda Avropa İttifaqını kimin təmsil edəcəyinə qərar verəcəyik”, - deyə Merts qeyd edib.
Avropalı siyasətçilər Moskva ilə birbaşa əlaqə üçün öz kanallarının olmamasının Avropanın danışıqlardakı mövqeyini zəiflədə biləcəyindən narahatdırlar.
Avropa Xarici Əlaqələr Şurasının direktoru Mark Leonard 2022-ci ildə münaqişə başlayandan sonra belə kanalların olmamasını “vəzifələrini yerinə yetirməmək baxımından demək olar ki, cinayətkar səhlənkarlıq” adlandırıb.
Almaniyanın təhlükəsizlik məsələləri üzrə eksperti Norbert Röttgen isə hesab edir ki, Moskva hazırda Qərbin parçalanmasında maraqlıdır və Avropa ilə Vaşinqton vasitəsilə əlaqə qurmağa çalışır.
Avropalı diplomatlar 2025-ci ildə Vaşinqton və Moskvanın Avropa ölkələrinin tamhüquqlu iştirakı olmadan müzakirə etdiyi ABŞ-ın 28 maddəlik sülh planı ilə bağlı vəziyyətin təkrarlanmasını da istəmirlər.
Almaniyanın keçmiş diplomatı Hans-Diter Lukas Avropanın yenidən hadisələrin arxasında qalmasına yol verilməməli olduğunu bildirib.
“Avropalıların əlində kartlar var, lakin biz onları ağılla oynamalıyıq”, - deyə o vurğulayıb.