Rusiya NATO ərazisinin dərinliklərinə güclü pilotsuz uçuş aparatları ilə zərbələr endirməyə imkan verən 10 gizli baza yaradıb.
Modern.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Məlumata görə, NATO müttəfiqləri üçün uzunmüddətli təhlükə yaradan bazaların bir qismi artıq Ukraynaya qarşı zərbələr endirmək üçün istifadə olunur.
Avropalı və amerikalı kəşfiyyat rəsmiləri hesab edirlər ki, Rusiya Polşa ərazisində “silahlı təxribat” törətmək, kritik infrastruktur obyektlərinə raket və ya pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirmək, həmçinin məsuliyyətin Ukraynanın üzərinə atılacağı “saxta bayraq” əməliyyatları keçirmək imkanlarını nəzərdən keçirir.
NATO nümayəndəsi isə alyansın müttəfiq ərazilərinin “hər qarışını qorumağa hazır olduğunu” bildirib.
O qeyd edib ki, NATO pilotsuz uçuş aparatlarından gələn təhdidlər də daxil olmaqla, istənilən təhlükəyə qarşı çəkindirmə və müdafiə hazırlığını artırmağa davam edəcək.