Ermənistan hökuməti 2026–2031-ci illər üçün fəaliyyət proqramında balanslaşdırılmış xarici siyasət yürüdəcəyini və Azərbaycanla əldə olunmuş sülhün institusionallaşdırılması istiqamətində işi davam etdirəcəyini açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin 2026–2031-ci illər üçün fəaliyyət proqramında bildirilib.
Proqramda qeyd olunub ki, balanslaşdırılmış və tarazlaşdırıcı xarici siyasət Ermənistanın xarici mühitini sabitləşdirməyə imkan verən strategiya kimi qəbul edilib. Xarici siyasət gündəliyinə beynəlxalq ticarət-iqtisadi əlaqələrin inkişafı və ixracın artırılması da daxildir.
Sənəddə regional əməkdaşlığın bu siyasətdə mühüm rol oynadığı vurğulanıb. Bu baxımdan Gürcüstan, İran, Türkiyə və Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsi prioritet kimi göstərilib.
Azərbaycanla münasibətlərə dair proqramda ayrıca qeyd olunub ki, Ermənistan hökuməti sülhün institusionallaşdırılması və möhkəmləndirilməsi məqsədilə Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması və ratifikasiyası istiqamətində işi davam etdirəcək.
Bununla yanaşı, Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin davam etdiriləcəyi, iki ölkənin vətəndaş cəmiyyəti və biznes dairələri arasında əlaqələrin fəallaşdırılacağı, həmçinin ikitərəfli ticarətin inkişafına dəstək göstəriləcəyi bildirilib.
Ermənistan hökuməti Türkiyə ilə diplomatik münasibətlərin qurulması, sərhədin açılması və ən azı iki müasir keçid məntəqəsinin istifadəyə verilməsi istiqamətində də iş aparacağını açıqlayıb.
Proqramda İranla enerji əməkdaşlığının dərinləşdirilməsi, sərhəd infrastrukturunun inkişafı və İran ərazisindən keçən kommunikasiya marşrutlarının genişləndirilməsi də nəzərdə tutulur.
Gürcüstanla strateji tərəfdaşlığın, Avropa İttifaqı və ABŞ-la strateji əməkdaşlığın daha da dərinləşdiriləcəyi qeyd olunur. Ermənistan Aİ standartlarına uyğunlaşmanı, viza liberallaşdırılması üzrə fəaliyyət planının tamamlanmasını və ABŞ-la əməkdaşlıq çərçivəsində TRIPP layihəsinin, ən azı enerji və dəmir yolu infrastrukturunun istismarı hissəsində həyata keçirilməsini planlaşdırır.
Rusiya ilə münasibətlərə dair isə yeni regional şəraitdə qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlığa yönəlmiş dialoqun davam etdiriləcəyi bildirilib.
Bundan başqa, Çin, Hindistan, Fransa və digər tərəfdaşlarla əlaqələrin genişləndirilməsi, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.
Ermənistan hökuməti həmçinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istiqamətində çalışacağını, Yaxın Şərq və Afrika ölkələri ilə münasibətlərin inkişafına və yeni əlaqələrin qurulmasına səy göstərəcəyini açıqlayıb.
Proqramda qeyd olunur ki, Ermənistanın maraqlarına daha yaxşı xidmət etmək və tərəfdaşlıq əlaqələrini dərinləşdirmək məqsədilə xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərin sayının mərhələli şəkildə artırılması siyasəti davam etdiriləcək.