Ermənistan hakimiyyəti yaxın vaxtlarda mənəvi təhlükəsizlik və Erməni Apostol Kilsəsinin kanonik çərçivədən kənara çıxarılması ilə bağlı faktlara dair ətraflı hesabat təqdim edəcək.
Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 20-də keçirilən brifinqdə deyib.
Erməni Apostol Kilsəsindən xarici qüvvələrin hibrid qarşıdurmada dayaq nöqtəsi kimi istifadə etməyə çalışdığı barədə suala cavab verən Paşinyan konkret dövlətlərin adını çəkməyib və bununla bağlı rəsmi sənəd hazırlanacağını açıqlayıb.
“Yaxın vaxtlarda bütün bu suallara hərtərəfli cavabların veriləcəyi ətraflı hesabat təqdim edəcəyik. Bu gün biz onu təsbit edirik ki, Erməni Apostol Müqəddəs Kilsəsi Ktrıç Nersisyanın (Katolikos II Qaregin – red.) fəaliyyəti nəticəsində kanonik çərçivədən kənara çıxarılıb”, - deyə Paşinyan bildirib.
Ermənistanın Baş naziri qeyd edib ki, bu məsələ hakimiyyətin seçki və hökumət proqramlarında açıq şəkildə əksini tapıb.
“Biz bu çağırışları ardıcıl şəkildə gündəmdə saxlayacağıq”, - Paşinyan əlavə edib.